İDMAN


“Tokio-2020”nin 13-cü günündə medal qazanan ölkələr siyahısına Çin liderlik edir

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 13-cü günündə 85 ölkənin idmançıları medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 32 qızıl, 22 gümüş və 16 bürünc medal qazanıblar. İkinci pillədə 25 qızıl, 31 gümüş və 23 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 21 qızıl, 7 gümüş və 12 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Böyük Britaniya 15 qızıl, 18 gümüş, 15 bürünc medalla dördüncü, Avstraliya isə 15 qızıl, 4 gümüş və 17 bürünc medalla beşincidir. Digər pillələrdə Rusiya Olimpiya Komitəsi (14-21-18), Almaniya (8-8-16), Fransa (6-10-9), İtaliya (6-9-15) və Niderland (6-8-9) qərarlaşıblar.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də üç bürünc medal qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə ilk bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinalda kubalı idmançı Arlen Lopezə məğlub olaraq ikinci bürünc medalı komandamıza qazandırıb. Yunan-Roma güləşində 77 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Rafiq Hüseynovda təsəlliverici görüşdə erməni idmançını məğlub edərək üçüncü bürünc medalı komandamıza qazandırıb.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.