İDMAN
“Tokio-2020”nin təşkilat komitəsi yeni koronavirusa görə məşəl estafetinin marşrutunu qısalda bilər
Tokio, 27 fevral, AZƏRTAC
“Tokio-2020” Olimpiya Oyunlarının təşkilat komitəsi yeni koronavirusla əlaqədar məşəl estafeti marşrutunun qısaldılması məsələsini nəzərdən keçirir.
AZƏRTAC “Inside the Games” portalına istinadla xəbər verir ki, bu barədə təşkilat komitəsinin sədri Toşiro Muto bəyan edib.
“Çoxlu sayda tamaşaçının toplanması xəstəliyin yayılması təhlükəsini artırır. Buna görə də məşəl estafetinin məsafəsinin qısaldılması təklifini müzakirə edirik”, - deyə T.Muto bildirib.
Xatırladaq ki, plana əsasən Olimpiya məşəli estafeti martın 12-də Yunanıstanın Olimp şəhərində start götürərək bu ölkənin ərazisindən keçəcək. Məşəlin martın 20-də Yaponiyaya gətirilməsi və 26-da estafetin davam etdirilməsi nəzərdə tutulur. Olimpiya Oyunları isə iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.
Xatırladaq ki, 2019-cu il dekabrın sonlarında Çinin 12 milyon əhalisi olan Uxan şəhərində sonradan COVID-19 adı almış yeni koronavirusun yaranması barədə xəbərlər yayılıb. Dünya Səhiyyə Təşkilatı bunun nəticəsində beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.
Son məlumatlara görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı təqribən 900-ü keçib. Onların əksəriyyəti “Diamond Prinsess” kruiz laynerinin heyəti və sərnişinləridir. Bu günədək Yaponiyada COVID-19 koronavirusuna yoluxanlardan səkkizi vəfat edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio