DÜNYA
Tokio Olimpiadası üçün medallar elektron tullantılardan hazırlanacaq
Bakı, 9 fevral, AZƏRTAC
Tokio Olimpiadası üçün medallar elektron tullantılardan hazırlanacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, üç il əvvəl “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi idmançılar üçün medalların hazırlanmasında elektron tullantılardan istifadə etmək niyyətində olduqlarını açıqlayıb. Atılmış və utilizasiya üçün təhvil verilən qurğulardan tonlarla bürünc, gümüş və qızıl hasil ediləcək.
Komitə nümayəndələrinin sözlərinə görə, bu prosesə Yaponiya ictimaiyyəti, şirkətlər, eləcə də yerli və xarici idmançılar tərəfindən böyük dəstək göstərilib. Təşəbbüs sayəsində bələdiyyələr tərəfindən təxminən 47 min 488 ton elektron tullantı toplanılıb. Bura istifadəçilərin yerli “NTT DOCOMO” operatorunun mağazalarına təhvil verdiyi 5 milyona yaxın köhnə telefon da daxildir. Bundan başqa, poçt şöbələrində və digər ictimai müəssisələrdə köhnə texnikanın qəbulu üçün məntəqələr quraşdırılıb.
Ötən ilin iyununda 2700 kiloqram təkrar emal edilmiş bürünc əldə edilib, oktyabrda isə tələb olunan 30,3 kiloqram qızılın 93,7 faizi, 4100 kiloqram gümüşün 85,4 faizi hasil olunub. Komitə nümayəndələri əmindir ki, toplanılmış ehtiyatlar sayəsində bu ilin martınadək medalların hazırlanması üçün kifayət qədər metal əldə ediləcək.
Tokio Olimpiadası gələn il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.