DÜNYA
Tokio Olimpiadasının keçirilməsinin əleyhinə olan petisiyaya Yaponiyada 200 min nəfər səs verib
Tokio, 7 may, AZƏRTAC
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əleyhinə olan petisiya üçün Yaponiyada 200 minədək imza toplanıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, petisiya üçün imzaların toplanması mayın 5-də gecə saat 12:00-da tanınmış ictimai-siyasi xadim Kenci Utsunomiya tərəfindən başlanıb. K.Utsunomiya ötən il Tokio qubernatoru vəzifəsinə seçkilərdə iştirak edib.
Bildirilir ki, “İnsanların həyatının xilası üçün Tokioda Olimpiadanın təxirə salınmasını tələb edirik” adlı petisiya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxa, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsonsa, Yaponiyanın Baş naziri Yoşihide Suqaya və yarışların digər təşkilatçılarına ünvanlanıb.
Petisiyada qeyd edilib ki, koronavirus pandemiyasına görə Yaponiyada vəziyyətin çox ağır olmasına baxmayaraq, BOK, BPK, Yaponiya hökuməti və Tokio administrasiyası Olimpiya Oyunlarını keçirməyə çalışırlar. Hazırda Yaponiyada tibbi personalın kəskin çatışmazlığı hiss edilir və əgər onların əksəriyyəti idmançıları və nümayəndə heyətlərinin üzvlərini qorumaq üçün cəlb ediləcəklərsə, bu, vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Koronavirus pandemiyası ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olub və cəmiyyətin daha həssas təbəqəsi – ştatdankənar işçilər, qocalar, tək analar və tələbələr bundan çox əziyyət çəkirlər. Əgər Oyunların təxirə salınması 300 milyard yen (2,75 milyard dollar) ziyan vuracaqsa, yarışların təşkili üçün ümumilikdə 1644 trilyon yen (15 milyard dollar) vəsait sərf ediləcək. Yaxşı olar ki, həmin kadrlar və vəsait koronavirusla mübarizəyə, insanların həyatının xilas edilməsinə yönəldilsin.
İlkin məlumatlara görə, hər beş dəqiqə ərzində petisiyanın lehinə orta hesabla 400 nəfər səs verir.
Koronavirus pandemiyasına görə Yaponiyada hazırda Tokio da daxil olmaqla dörd prefekturada fövqəladə vəziyyət davam edir. Bu gün həmin prefekturalarda fövqəladə vəziyyətin mayın 31-dək uzadılması və daha iki prefekturada da tətbiq olunması barədə qərarın qəbul ediləcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio