İDMAN


Tokio Olimpiadasının təşkilat komitəsinin sədri növbəti qalmaqala görə istefa verməyəcək

Tokio, 22 iyul, AZƏRTAC

Tokio Olimpiadasının təşkilat komitəsinin sədri Seyko Haşimoto Oyunların açılış mərasiminin rejissoru ilə əlaqədar yaranan qalmaqala görə istefa verməyəcək.

AZƏRTAC xəbər verir ki, S.Haşimoto bunu iyulun 22-də keçirilən növbəti mətbuat konfransında bəyan edib. O deyib ki, Oyunların təşkilatçıları yarışları uğurla başa çatdırmaq niyyətindədirlər.

Qeyd edək ki, bu ərəfədə Olimpiya Oyunlarının açılış mərasiminin 48 yaşlı rejissoru Kentaro Kobayaşi 1988-ci ildə baş vermiş qalmaqala görə vəzifəsindən istefa verib. Buna səbəb kimi həmin vaxt onun komediyalar göstərən duetin tərkibində Holokostu ələ salması barədə videonun internetdə təkrar yayımlanması göstərilir. Yerli sosial şəbəkələrdə yayımlanan videoçarx izləyicilər tərəfindən böyük narazılıqla qarşılanıb və onun istefası tələb olunub.

Xatırladaq ki, bu, təşkilatçılar arasında baş verən qalmaqallara görə artıq dördüncü istefadır. Bundan bir qədər əvvəl - iyulun 19-da açılış mərasiminin bəstəkarı Keyqo Oyamada istefa vermişdi. Onun istefasına 1994-cü ildə verdiyi müsahibədə məhdud imkanlı sinif yoldaşını müntəzəm şəkildə ələ salmasını deməsi və buna gülməsi səbəb olub. Onun sözləri ictimaiyyət tərəfindən kəskin tənqid edilib.

Bununla yanaşı, fevralda Oyunların təşkilat komitəsinin sədri Yoşiro Mori qadınlar barədə sözlərinə, martda isə yarışların yaradıcı direktoru Hiroşi Sasaki tanınmış aparıcı və aktrisa Naomi Vatanabenin açılış mərasimində donuz görkəmində çıxış etməsi ideyasına görə istefa veriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.