İDMAN
Tokio Yay Paralimpiya Oyunlarının 11-ci günündə 5 idmançımız mübarizə aparacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
“Tokio-2020” Yay Paralimpiya Oyunları sona yaxınlaşır. Paralimpiadanın 11-ci günündə - sentyabrın 4-də Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, yarış günündə idmançılarımızdan 2-si güllə atıcılığı, 3-ü isə para-atletika yarışlarında güclərini sınayacaqlar.
Para-atletlərimiz Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçış yarışının final mərhələsində bacarıqlarını sərgiləyəcəklər. Digər təmsilçimiz Orxan Aslanov isə uzunluğa tullanma yarışlarında çıxış edəcək.
Güllə atıcılarımız Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafəyə atəşaçma yarışlarında mübarizə aparacaqlar.
Azərbaycan komandasının hesabında 17 medal var. Bunlardan 12-si qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.