DÜNYA
Tokio hökuməti Fransa səfirliyindən Olimpiada üçün könüllülər toplamağa kömək etməyi xahiş edib
Tokio, 3 noyabr, AZƏRTAC
Tokionun paytaxt hökuməti Fransa səfirliyinə müraciət edərək, 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunları üçün fransız dilində danışan könüllülər toplamağa kömək göstərməyi xahiş edib.
AZƏRTAC xəbər verir ki, Tokio administrasiyası gələn qonaqlara aeroportlarda və dəmir yollarında yardım etmək üçün 20 min könüllü toplamağı planlaşdırır. Lakin oktyabrın 23-dək olan məlumata görə, cəmi 6 min nəfər ərizə ilə müraciət edib. Ərizələrin son qəbul tarixi dekabrın 5-də başa çatır.
Tokio administrasiyasının rəsmi nümayəndəsinin bildirdiyinə görə, Yaponiyada yaşayan və yapon danışıq dilinin əsaslarını bilən istənilən şəxs könüllü ola bilər.
Fransa səfirliyinin rəsmi nümayəndəsi isə qeyd edib ki, Fransa Tokioya böyük məmnuniyyətlə kömək göstərməyə hazırdır. Belə ki, növbəti Olimpiya Oyunları 2024-cü ildə Parisdə keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio