DÜNYA


Tokio hökuməti diplomatlardan izahat işlərinin aparılmasına yardım göstərməyi xahiş edib

Tokio, 28 noyabr, AZƏRTAC

Tokio paytaxt hökuməti diplomatlardan koronavirusun əcnəbilər arasında yayılmasının qarşısını almaq məqsədilə aparılan izahat işlərində yardım göstərilməsini xahiş edib.

AZƏRTAC Tokio hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxt hökumətinin binasında 101 ölkə və ərazi vahidindən 121 səfir və diplomatik nümayəndə iştirak edib.

Tokio hökumətinin məlumatına görə, hazırda Yaponiya paytaxtında təqribən 540 min əcnəbi yaşayır. Bu günədək həmin sakinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Tədbirdə çıxış edən qubernator xanım Koike Yuriko Tokioda koronavirusun yayılmasının qarşısının alınması və bununla əlaqədar izahat işlərinin aparılması üçün paytaxt hökuməti tərəfindən görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar son məlumatlar hökumətin veb-saytında ingilis, Çin və Koreya dillərində yerləşdirilib.

Xanım qubernator, həmçinin bildirib ki, Tokio hökuməti əcnəbi vətəndaşlara yardım etmək üçün 14 dildə telefon məsləhət xidməti təşkil edib.

Diplomatları bu işdə əməkdaşlığa çağıran K.Yuriko paytaxt hökumətinin Tokioda yaşayan əcnəbilərin həyatını yüksək qiymətləndirdiyini bildirib. Əcnəbi diplomatlardan Tokio hökumətinin koronavirusla əlaqədar yaydığı məlumatları və izahat materiallarını öz həmyerlilərinə çatdırmağı xahiş edib.

Tədbirdə koronavirusun yayılmasının qarşısının alınması və testlərin təşkili ilə bağlı suallar ətraflı cavablandırılıb.

Əlavə olaraq qeyd edək ki, son günlər Yaponiyada və paytaxt Tokioda koronavirusa yoluxma hallarının sayı kəskin artıb. Tokioda son gündəlik yoluxma rekord səviyyəyə çatıb – 570 nəfər. Bununla da Yaponiya paytaxtında virusa yoluxanların ümumi sayı təqribən 40 min nəfər təşkil edib.

Koronavirus pandemiyasının yayılmağa başladığı gündən Yaponiya üzrə yoluxanların sayı isə 143 min nəfər təşkil edib. Onlardan 2 mini həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.