DÜNYA
Tokio körfəzində antiterror təlimləri keçirilib
Tokio, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Tokio körfəzində 2020-ci ildə Yaponiya paytaxtında keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı fövqəladə vəziyyət yaranacağı təqdirdə müvafiq tədbirlərin görülməsi ilə əlaqədar təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimlər zamanı xilasedicilər terrorçuların hücumuna məruz qalan kruiz gəmisinin sərnişinlərinə yardım göstəriblər.
Təlimlərdə Yaponiya Sahil Mühafizəsi Xidmətinin və Yanğınsöndürmə İdarəsinin 150-dən çox əməkdaşı iştirak edib. Plana əsasən, terrorçular gəminin göyərtəsində bomba partladıblar. Nəticədə sərnişinlərin bir çoxu xəsarət alıb.
Sahil Mühafizəsi Xidmətinin əməkdaşı bildirib ki, təlimlər zamanı əsas prioritet terror aktının qarşısının alınmasıdır. Eyni zamanda, o əmin olduqlarını bildirib ki, əgər hücum baş verərsə, vətəndaşlarla dövlət orqanlarının birgə fəaliyyəti faciənin qarşısını almağa imkan yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio