DÜNYA
Tokio prokurorluğu “Nissan” şirkətinin sabiq rəhbərinə qarşı rəsmi ittiham irəli sürüb
Tokio, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Tokio prokurorluğu “Nissan” şirkətinin sabiq rəhbəri Karlos Qona qarşı iki bənd üzrə rəsmi ittiham irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, K.Qona qarşı maliyyə işləri üzrə və şirkətlər haqqında qanunların pozulması, daha dəqiq xidməti mövqedən sui-istifadəyə yol verilməsi bəndləri üzrə ittiham irəli sürülüb.
K.Qonun vəkili bəyan edib ki, onun girov müqabilində azad edilməsi üçün ərizə vermək niyyətindədir. Ötən ilin dekabrında həmin məqsədlə verilən ərizə rədd edilmişdi.
Xatırladaq ki, K.Qon və onun yaxın köməkçisi Q.Kelli noyabrın 19-da bütün gəlirlərin bəyan edilməməsi ittihamı ilə həbs olunublar. 2010-2017-ci illərdə bəyannamədən gizlədilən məbləğin ümumilikdə 8 milyard yen (təqribən 71 milyon dollar) məbləğində olduğu bildirilir. K.Qon təkid edir ki, onun gəlirlərini gizlətmək niyyəti olmayıb.
Dekabrın sonlarında onun girov müqabilində azad ediləcəyi gözlənilsə də, prokurorluq təkrar həbs keçirib. Bu dəfə K.Qona qarşı öz şəxsi investisiyaları nəticəsində dəyən zərərin şirkətin hesabına ödənməsi ittihamı əsas götürülüb. Dəyən zərərin 1,85 milyard yen (təqribən 16,5 milyon dollar) təşkil etdiyi bildirilib. Prokurorluq K.Qonun bu əməliyyatı Səudiyyə Ərəbistanından olan biznesmen vasitəsilə həyata keçirməsindən şübhələnir.
Prokurorluq dekabrın 31-də K.Qonun həbsini üçüncü dəfə yanvarın 11-dək uzadıb. Bununla yanaşı, dekabrın 25-də Q.Kelli girov müqabilində azad edilib. Yanvarın 11-də onun plan xarakterli əməliyyat olunduğu və bundan sonra məhkəmənin qərarında göstərildiyi kimi, evinə qayıtdığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio