DÜNYA
Tokio qubernatorunun seçkilərində hazırkı qubernator Koike Yuriko qələbə qazanıb
Tokio, 6 iyul, AZƏRTAC
İyulun 5-də keçirilən Yaponiya paytaxt qubernatorunun seçkilərində indiki qubernator Koike Yuriko qələbə qazanıb.
AZƏRTAC seçki komissiyasına istinadla xəbər verir ki, seçkilərin nəticələrinə görə, Koike Yuriko 3 milyon 660 min (59,7 faiz) seçicinin səsini qazanıb. Komissiya tərəfindən seçkilərin nəticəsi iyulun 6-da dərc olunub. Seçkilərdə seçicilərin 55 faizi iştirak edib. Yaponiya paytaxtında koronavirus pandemiyası ilə əlaqədar mürəkkəb vəziyyətə baxmayaraq, seçicilərin sayı 2016-cı il seçkilərində olduğundan cəmi 4,73 bənd aşağı olub.
İyulun 6-da jurnalistlərlə görüşən K.Yuriko deyib: “Göstərilən dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm. Tutduğum vəzifədə bundan sonra da ilk növbədə, sakinlərin həyatına və sağlamlığına xüsusi diqqət ayıracağam. Bu, indiki halda koronavirusun yayılmasına qarşı mübarizəni ön plana çəkir. Bundan əlavə, biz iqtisadi inkişaf barədə də düşünməliyik, çünki Tokio ölkənin iqtisadi mərkəzi hesab edilir”.
Gün ərzində xanım qubernatorun Baş Nazir Şinzo Abe ilə görüşəcəyi və koronavirusla mübarizə, həmçinin Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq məsələlərini müzakirə edəcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio