SİYASƏT
Tokioda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
Tokio, 21 yanvar, AZƏRTAC.
Yanvarın 20-də Azərbaycanın Yaponiyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin nümayəndələri, Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, media nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olublar. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Gürsel İsmayılzadə qanlı faciə barədə məlumat verib, “Qanlı Yanvar”ın Azərbaycanda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edildiyini bildirib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qəddar aksiya barədə ətraflı söhbət açıb. Öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və əliyalın əhalinin, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb. G.İsmayılzadə 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi olduğunu, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd edib. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi xidmətinin olduğu iştirakçıların diqqətinə çatdırılıb.
G.İsmayılzadə bu faciədən 26 il keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını, onun ağrısı ilə yaşadığını bildirib. Səfir Azərbaycanda azadlıq hərəkatının qarşısını almaq məqsədilə Sovet ordusunun xüsusi bölmələrinin Bakıya yeridildiyini, onlarla günahsız insanın qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını diqqətə çatdırıb. Bildirib ki, hər il yüz minlərlə insan tərəfindən Bakıda 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı ziyarət olunur, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir.
Tədbirdə Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Ken Matsuzava çıxış edərək Azərbaycanda siyasi təməlləri sarsılan Sovet hakimiyyətini saxlamaq istəyən Kommunist Partiyasının rəhbərlərinin hərbi vasitələrə əl atmasını və dinc nümayişçilərə qarşı amansız qətliam törətməsini pisləyib. 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı uğrunda əhəmiyyətli hadisə olduğunu bildirib. Azərbaycan şəhidlərinin xatirəsini uca tutaraq, dünya ictimaiyyətinin bu haqda məlumatlandırılmasının vacibliyini vurğulayıb. Yaponiya-Azərbaycan Dostluq Assosiasiyası çərçivəsində fəaliyyətin davam etdirilməsinin önəmini qeyd edən K.Matsuzava Azərbaycana səfəri zamanı Bakı şəhərinin gözəlliyini öz gözləri ilə gördüyünü bildirib. Bu gözəl şəhərdə belə kədərli hadisələrin baş verməsi ilə bağlı dərin təəssüf hissi keçirdiyini söyləyərək, Azərbaycan xalqının acısını bölüşdüyünü qeyd edib.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən slaydlar, faciə haqqında film nümayiş etdirilib. Tədbir iştirakçılarına faciə haqda çap materialları təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio