SİYASƏT


Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” (“Sərhədləri Aşanlar Klubu”) arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə “Cross Border Club” şirkətinin baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və mərkəzin icraçı direktoru, agentliyin Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev iştirak ediblər.

Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər iki təşkilat arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Qeyd edib ki, əldə edilən razılaşmaya əsasən iki ölkə arasında turizmin, xüsusən də tibbi turizmin inkişaf etdirilməsi barədə layihənin həyata keçirilməsi istiqamətində iş uğurla davam etdirilir. O, mərkəzin icraçı direktoru V.Ağayevin Naftalan İstirahət və Sağlamlıq, Naxçıvan “Duzdağ” Fizioterapiya mərkəzlərinin, o cümlədən “Duzdağ” otelinin rəhbərliyi ilə görüşərək həmin müəssisələrə yapon turistlərin səfərlərinin təşkili barədə müzakirələr apardığını diqqətə çatdırıb. Bildirib ki, qarşı tərəflər bu təklifə böyük maraqla yanaşaraq əməkdaşlığa hazır olduqlarını deyiblər.

Görüşdə Azərbaycanın digər ərazilərinin, xüsusən cari ildə 70 illiyini qeyd edən Sumqayıt şəhərinin turizm potensialı barədə də məlumat verilib. Qeyd edilib ki, yubiley ərəfəsində böyük abadlıq və quruculuq işlərinin aparıldığı Sumqayıt əcnəbi turistlərin sevimli əyləncə və istirahət mərkəzlərindən birinə çevrilib.

K.İşida yapon tərəfinin də həmin layihənin icrası ilə bağlı təbliğat işini davam etdirdiyini bildirib. O, bu məqsədlə prodüseri olduğu WITV internet televiziyasında xüsusi verilişin yayımlanmasının nəzərdə tutulduğunu deyib. Təklif edib ki, həmin verilişdə Sumqayıt şəhərinin sənaye və turizm potensialı barədə də məlumatın verilməsi məqsədəuyğun olardı.

Görüşdə iki təşkilat arasında qarşılıqlı əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.