SİYASƏT


Tokioda Azərbaycan diaspor fəalları tərəfindən yaradılan “ajmedia.jp” xəbərlər saytı fəaliyyətə başlayıb

Tokio, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 1-dən Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan diaspor fəallarının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun və ölkəmizin yapon dostlarının dəstəyi ilə “ajmedia.jp” xəbərlər saytı fəaliyyətə başlayıb.

Saytın yaradılması barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən baş redaktor Akira Matsunaqa bildirib ki, əsas məqsəd iki dost xalq arasında əməkdaşlıq əlaqələrinə töhfələr vermək, xalqlarımız üçün faydalı olan bu əlaqələri daha da möhkəmləndirməyə kömək etməkdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında sıx dostluq münasibətlərinin formalaşdığını vurğulayan baş redaktor bildirib ki, bu gün həmin əlaqələr demək olar bütün sahələri əhatə edir: “Yaponiya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmaqla yanaşı, onunla qısa zaman kəsiyində sıx dostluq münasibətləri qurub, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini daim dəstəkləyib. Həmçinin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə yaxından iştirak edib. Bu gün Azərbaycan ilə Yaponiya arasında çoxsaylı yüksək səviyyəli səfərlər həyata keçirilməklə yanaşı, parlamentlərarası dostluq qrupları, hökumətlər arası iqtisadi komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olması digər sahələrdə də əlaqələrin inkişafına mühüm təsir edir. Bu, həm də qədim tarixə və zəngin mədəniyyətə malik xalqlarımızın daha da yaxınlaşmasına, bir-birini daha yaxından tanımasına şərait yaradır”.

Baş redaktor bildirib ki, belə olan şəraitdə Yaponiyada Azərbaycan və Azərbaycanda Yaponiya haqqında daha çox informasiyanın yayılması, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına dəstək, bir-birinin tarixi və mədəni köklərinin öyrənilməsi, dostluq əlaqələrinin daha da inkişafı üçün informasiya mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Xalqlarımız arasında yeni körpü rolunu oynayacaq xəbərlər portalının yaradılması da məhz bu amala xidmət edir.

A.Matsunaqa əlavə edib ki, portalın yaradılması, Yaponiyada və ətraf ölkələrdə yaşayan azərbaycanlıların, həmçinin digər türkdilli xalqların əməkdaşlığının inkişafına informasiya dəstəyi verilməsinə, qədim türk mədəniyyətinin və müasir incəsənətinin təbliğinə yardım göstərilməsinə də kömək edəcək: “Düşünürük ki, yalnız təbliğatçı deyil, həm də təşkilatçı kimi çıxış edəcək portal Yaponiyada və ətraf ölkələrdə yaşayan azərbaycanlıların milli birliyini və həmrəyliyini gücləndirmək işinə də töhfələr verəcək. İctimai-siyasi fəallığı ilə tanınan azərbaycanlıları dəstəkləmək, onların gələcək inkişafına, cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə hərtərəfli kömək göstərmək məqsədi də qarşıda duran vəzifələr sırasındadır. Azərbaycanı daha geniş tanıtmaq məqsədilə irəli sürülən layihələrə informasiya dəstəyinin göstərilməsi, onların daha çox insanı əhatə etməsi istiqamətində məqsədyönlü fəaliyyət də portalın məqsədlərindən biridir”.

Saytda yalnız yapon və Azərbaycan dillərində deyil, həmçinin ingilis dilində də məlumatların yayılacağını bildirən baş redaktor deyib ki, bu, regionda yaşayan ingilisdilli oxucuları Azərbaycan barədə daha ətraflı məlumatlandırmağa xidmət edəcək. Azərbaycan tarixinin, mədəniyyətinin, mətbəxinin, müasir inkişafının təbliği buraya daha çox turist axınına təkan verəcək.

A.Matsunaqa müsahibəsini bu sözlərlə tamamlayıb: “Düşünürük ki, oxucularımızın dəstəyi ilə biz bu vəzifələrin öhdəsindən layiqincə gələcək, qarşıya qoyduğumuz məqsədi uğurla həyata keçirəcəyik”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.