SİYASƏT
Tokioda “İRS-İsan” jurnalının növbəti nömrəsinin təqdimatı olub VİDEO
Tokio, 17 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycanın Yaponiyadakı səfirliyində yapon dilində nəşr olunan “İRS-İsan” jurnalının altıncı nömrəsinin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən səfir Gürsel İsmayılzadə tədbir iştirakçılarına jurnalın son nömrəsində dərc olunan məqalələr barədə məlumat verib. Bildirib ki, jurnalın əsas məqsədi xarici oxucuları Azərbaycanın tarixi, mədəni həyatı ilə, hazırda ölkəmizdə cərəyan edən proseslərlə tanış etmək, Azərbaycanı Yaponiyada daha yaxşı tanıtmaqdır. Səfir ölkəmizdə həyata keçirilən layihələr, inkişaf perspektivləri, turizm imkanları, milli mətbəxin nümunələri barədə də məlumat verib. Jurnalın bu nömrəsində azərbaycanlı müəlliflərlə yanaşı, “The Japan Times” qəzetinin prezidenti Takeharu Tsutsumi və Çiba Ticarət Universitetinin rektoru Haruo Şimadanın məqalələrinin də dərc edildiyi vurğulanıb.
Tədbirdə 2003-2006-cı illərdə Yaponiyanın Baş naziri Çuniçiro Koizuminin müşaviri işləmiş, hazırda Çiba Ticarət Universitetinin rektoru olan Haruo Şimada da çıxış edib. O, rəhbərlik etdiyi “Şimada Soncuku” təşkilatının üzvləri olan gənc sahibkarların cari ilin iyulunda ölkəmizə səfərinin nəticələri barədə məlumat verib. Ölkəmiz haqqında təəssüratlarını bölüşən H.Şimada göstərilən dəstəyə görə Azərbaycanın Yaponiyadakı səfirliyinə minnətdarlığını bildirib.
“İRS-İsan” jurnalında dərc edilən məqaləsi barədə məlumat verən H.Şimada həmin məqalədə Azərbaycanın dinamik inkişafından, ictimai-siyasi sabitlikdən, ölkə rəhbərliyinin uzaqgörən siyasətindən, insan kapitalının inkişafına yetirilən diqqətdən və respublikanın geosiyasi, iqtisadi əhəmiyyətindən bəhs olunduğunu bildirib.
Tədbir iştirakçılarına “İRS” jurnalının yapon və ingilis dillərində nəşr edilmiş buraxılışları, ölkəmizin turizm potensialını əks etdirən digər əyani materiallar paylanıb.
Tədbir zamanı azərbaycanlı pianoçu Gülnarə Səfərova və yapon fleytaçı Daysuke Azumanın ifasında Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib.
Mərasimdə Tokio ictimaiyyətinin və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio