İDMAN
Tokioda Olimpiya və Paralimpiya yayım mərkəzi açılıb
Tokio, 24 iyun, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya və Paralimpiya Oyunlarını işıqlandıracaq yayım mərkəzi yarışların başlamasına bir ay qalmış fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq yayım mərkəzi qapılarını Koto rayonunda yerləşən “Tokyo Big Sight” sərgi salonunun Şərq zallarında açıb. O, yarışlar vaxtı həm də media mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə əvvəlcə informasiya ofisi və kafe fəaliyyətə başlayıb. Mərkəzdə Yaponiyadan kənarda olan beş yayım şirkəti artıq studiyaların hazırlanmasına və avadanlığın quraşdırılmasına start verib.
Burada ümumilikdə 100-dən çox yayım şirkətinin çalışacağı gözlənilir. Həmin şirkətlər açılış mərasimi də daxil olmaqla 9500 saatdan çox vizual kontentin bütün dünya üzrə yayımını həyata keçirəcək.
Koronavirusla əlaqədar mərkəzdə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. İctimai iaşə obyektlərində ara məsafəsinin gözlənilməsi üçün xüsusi sədlər quraşdırılıb.
Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, yarışlar başlayanadək KİV nümayəndələrinin 70-80 faizinin vaksinasiya olunacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio