MƏDƏNİYYƏT


Tokioda azərbaycanlı həvəskar rəssamın sərgisi açılıb VİDEO

Tokio, 12 noyabr, AZƏRTAC

Tokionun məşhur Şibuya rayonunda yerləşən “Desing Festa Gallery” sərgi salonunda azərbaycanlı həvəskar rəssam Rövşən Qarayevin rəsm əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “İkisi birində” adlı sərgidə Rövşən Qarayevlə yanaşı, əvvəllər onun iş yoldaşı olmuş Haruno Mizunonun əsərləri də sənətsevərlərə təqdim edilir.

Sərginin ilk günündə həvəskar rəssamın əl işlərinə baxmaq üçün Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, diasporumuzun nümayəndələri və R.Qarayevin çalışdığı şirkətin əməkdaşları toplaşıblar. Onun müxtəlif janrlarda çəkdiyi rəsmlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, R.Qarayev Azərbaycan Dillər Universitetinin məzunudur. Artıq dörd ildir ki, Yaponiyada çalışır. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin ən fəal üzvlərindəndir. Bir il Tokionun Şincuku rayonunda yerləşən Laba Dillər İnstitutunda yapon dilini təkmilləşdirdikdən sonra hazırda “LevelS Corp” veb proqramlaşdırma şirkətinin proqramçı mütəxəssisi kimi Yaponiyada çalışır.

Rəsm çəkməyə uşaqlıqdan böyük marağının olduğunu qeyd edən R.Qarayev sərginin təşkili barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb: “Uşaqlıq illərindən rəsm çəkməyə marağım olub. İş yoldaşım Haruno xanımın rəssam olduğunu biləndə ona birgə sərgi keçirməyi təklif etdim. Onun bu sahədə malik olduğu təcrübə işimizə çox yaradı. Bu gün ziyarətçilərə təqdim edilən rəsmlərim arasında həm portret, həm mənzərə, həm də sürrealist işlər var. Yaponiyada atdığım bu ilk addım məni çox həyəcanlandırır. Sərgiyə göstərdikləri marağa və dəstəyə görə həm səfirliyimizin əməkdaşlarına, həm də həmyerlilərimizə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

R.Qarayev sərginin uğurla keçəcəyi təqdirdə gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini də bildirib.

Rövşənin əsərlərinin janr müxtəlifliyi ilə diqqəti cəlb etdiyini bildirən Haruno Mizuno isə deyib ki, bu əsərlərdən rəssamın həyata baxışlarını da duymaq olar. Əsasən sürrealizm janra üstünlük verən Rövşənin əsərləri onun həyatda qarşılaşdığı obrazların şəxsi prizmasından təsviri ilə diqqəti cəlb edir.

Tokioda ilk dəfə azərbaycanlı həvəskar rəssamın əl işlərinin nümayiş etdirilməsini yüksək qiymətləndirən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər bu addımın ölkəmizin Yaponiyada təbliği üçün nuhum əhəmiyyətini vurğulayıb: “Xarici ölkələrdə yaşayan azərbaycanlıların öz istedadlarını nümayiş etdirməsi ölkəmizin təbliği baxımından da çox dəyərlidir. Bizim çox istedadlı, bacarıqlı gənclərimiz var. Tokionun Şibuya kimi məşhur bir rayonunda Rövşən Qarayevin rəsm əsərlərinin nümayiş etdirilməsi həm də Azərbaycanın Yaponiyada təbliği baxımından əhəmiyyətlidir. Gənc rəssamı təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram”.

Üç gün davam edən sərgi noyabrın 12-də başa çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.