DÜNYA


Tokioda koronavirusa yoluxma halları artdığına görə xəbərdarlıq elan olunub

Tokio, 3 iyun, AZƏRTAC

Tokio hökuməti son həftələr ərzində koronavirusa yoluxma ilə əlaqədar bir gündə baş verən sıçrayışa görə paytaxtda xəbərdarlıq elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Tokionun qubernatoru Koike Yuriko xəbərdarlığa baxmayaraq, iqtisadi fəaliyyətin bərpası istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Tokio körfəzində yerləşən “Rainbow Bridge” (“Göyqurşağı körpüsü”) və Tokio administrasiyası binasının rəngləri xəbərdarlıq elan olunduqdan sonra adi göyqurşağı rənglərindən qırmızıya dəyişdirilib.

Paytaxt hökuməti nümayəndələrinin bildirdiyinə görə, iyunun 2-də Tokioda 34 yeni yoluxma halı qeydə alınıb. Bu göstərici son üç həftə ərzində ilk dəfə 30-u keçib.

Tokioda virusa yoluxanların sayı hökumət tərəfindən fövqəladə vəziyyət rejimi ləğv olunduqdan cəmi bir həftə sonra kəskin artıb. Paytaxt hökuməti xüsusən barlarda və gecə klublarında yoluxma hallarının artmasından narahatlığını bildirib. Tokioda son həftə ərzində qeydə alınan 90 yoluxma halının təqribən üçdə biri bu müəssisələrin payına düşüb.

Hökumət strukturları barlarda və gecə klublarında virusa yoluxma hallarının qarşısını almaq üçün mütəxəssislərlə məsləhətləşmələrə başlayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.