İDMAN


Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb

Tokio, 8 dekabr, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda keçirilən Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında növbəti idmançımız qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu dəfə batut üzrə fərdi proqramda 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Maqsud Maqsudov yarışların qızıl medalına sahib olub. Təsnifat mərhələsində bütün rəqiblərini üstələyən Bakı Gimnastika Məktəbinin yetirməsi, finalda da birinciliyi əldən verməyib.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.

İdmançımızın şərəfinə “Tokio-2020” Yay Olimpiya Oyunları üçün inşa edilmiş Ariake İdman Sarayında Azərbaycanın dövlət himni səslənib, bayrağımız dalağalanıb.

Dörd gün davam edən yarışlara yekun vuran komandamızın baş məşqçisi Mixail Şulikin deyib ki, ümumi nətiçə çox sevindiricidir: “Yarışlara çox az sayda idmançı ilə qatılmağımıza baxmayaraq, iki qızıl, bir gümüş medal qazandıq. Bundan əlavə, Selcan Maqsudova da dördüncü nəticə göstərdi. Mən deyərdim ki, bu, çox böyük qələbədir. Nəzərə alsaq ki, yarışlara daha böyük ölkələr çoxsaylı idmançı ilə qatılmışdılar nəticənin nə qədər uğurlu olduğu aydın görünər. Mən hamıya, ilk növbədə, idmançılarımıza, məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusi minnətdarlığımı Federasiyanın sədri Mehriban xanım Əliyevaya bildirirəm. Bu uğur məhz ölkədə idmana, uşaqlara göstərilən böyük diqqətin və qayğının nəticəsidir. Maqsudun qələbəsini xüsusi qeyd etmək istəyirəm. Çünki bu qələbə Olimpiya Oyunlarına daxil olan idman növü üzrə qazanılıb”.

İli uğurla başa vurduqlarını vurğulayan baş məşqçi qarşıdan gələn yarışlarda da qələbə qazanmaq üçün əzmlə çalışacaqlarını bildirib.

İlk mühüm qələbəsi ilə bağlı keçirdiyi hissləri bölüşən M.Maqsudov deyib ki, bu qələbəyə çox sevinir: “Bu sevincimi həm Federasiyamızın rəhbərliyi, həm də məsqçilərimizlə bölüşürəm. Çəkdikləri zəhmətə görə onlara xüsusi minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, bu gün bu möhtəşəm yarışda bayrağımızı qaldırdım, himnimizi səsləndirdim. Çalışacağam ki, qarşıdan gələn yarışlarda da yüksək nəticələr əldə edim”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.