DÜNYA
Tokioda yayın sonuncu festivalı – “Super Yosakoy” matsuri keçirilib
Tokio, 29 avqust, AZƏRTAC
Avqustun 28-29-da Tokionun məşhur mədəniyyət mərkəzlərindən biri Haracukuda yayın sonuncu festivalı - “Super Yosakoy” matsuri keçirilib.
Bu il on beşinci dəfə təşkil edilən festivalda Yaponiyanın müxtəlif prefekturalarından gəlmiş 100-ə yaxın rəqs kollektivi iştirak edib. Həmin kollektivlər Haracukunun mərkəzi Omotesando küçəsi boyunca, həmçinin Meyci və Yoyoqi parklarında quraşdırılmış üç səhnədə öz bacarıqlarını nümayiş etdiriblər.
“Yosakoy” strit-rəqsin nadir növlərindən biri sayılır. 1954-cü ildə Koçi şəhərində yaranan “Yosakoy” çox sürətlə bütün Yaponiyaya yayılıb. Çılğın hərəkətlərlə zəngin olan bu rəqs özündə ənənəvi “Yosakoy” musiqisinin elementləri ilə yanaşı, Rok-n-roll, Samba və Enka kimi diskoteka musiqisini birləşdirən milli yapon xoreoqrafiyasını əks etdirir. “Super Yosakoy” rəqsinə əsasən könüllülər, məktəblilər və pensiyaçılar böyük məmnuniyyətlə qoşulurlar. Populyarlığı ilə seçilən bu rəqs, demək olar, bütün bayramlarda ifa edilir.
“Yosakoy” yapon dilində “Gecə gəlmək” mənasını verir. Rəqsi ifa edən kollektivlərin geyimi öz rəngarəngliyi ilə seçilən happi və yukatadan ibarətdir. Bu rəqsi digərlərindən fərqləndirən bir cəhət də ifa zamanı istifadə edilən taxta toxmaqlar - narukolardır. Bundan əlavə, rəqsin maraqlı alınması üçün müxtəlif vasitələrdən – barabanlardan, digər zərb alətlərindən və bayraqlardan istifadə olunur.
Yaponiyanın müxtəlif regionlarından gəlmiş beş minədək rəqqasın ifa etdiyi çılğın və hərarətli rəqslər festivala qatılan bütün tamaşaçılarda bayram əhval-ruhiyyəsi yaradıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio