DÜNYA
Tokionun Şincuku rayonunda restorana hücum olub
Tokio, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də səhər saatlarında dörd nəfərdən ibarət qrup Tokionun əsas əyləncə rayonu Şincukuda restorana bıçaqla hücum edərək oradakı əməkdaşları yaralayıblar.
AZƏRTAC xəbər verir ki, hazırda polis həmin cinayətkarların axtarışına başlayıb. Bildirilir ki, həmin gün yerli vaxtla səhər saat 6:30-da məşhur Kabukiço ərazisindəki restorana daxil olan dörd nəfər əvvəlcə şikayət edərək, məsul şəxsin çağırılmasını tələb ediblər. Sonra əməkdaşlara hücum edən cinayətkarlar onları yaralayaraq hadisə yerindən qaçıblar. Xidmətçilərdən birinin ağır yaralandığı qeyd edilir. Həmin vaxt restoranda olan doqquz müştəridən heç biri xəsarət almayıb.
Cinayətkarların qara və boz geyimlərdə olduqları, üçünün maska taxdığı da qeyd edilir.
Hazırda paytaxt polisi həmin şəxsləri axtarır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio