MƏDƏNİYYƏT
Tokionun “Totora-tey” restoranı müştərilərinə Azərbaycan mətbəxinin nümunələrini təklif edir VİDEO
Tokio, 30 yanvar, AZƏRTAC
Tokionun Noqata rayonunda yerləşən “Totora-tey” restoranı 2015-ci ildən başlayaraq müştərilərinə Azərbaycan mətbəxinin nümunələrini təklif etməyə başlayıb.
Restoranda müştərilərə həmçinin Şəmkir rayonun “Şərq ulduzu” zavodunun istehsalı olan Azərbaycan şərabları da təklif olunur. Rahatlığı ilə diqqəti cəlb edəndə restoranın qonaqları burada Azərbaycan, paytaxt Bakının fotolarına baxa, ölkəmiz haqqında əlavə məlumatlar da əldə edə bilərlər. Maraqlıdır ki, restoranın divarlarına vurulmuş fotoların müəllifləri də elə buranın sahibləridir.
Azərbaycan mətbəxini seçməsinin səbəbləri barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən “Totora-tey” restoranının sahibi Eyci Kubo bildirib ki, bu fikrə o, ölkəmizə ötən ilin iyununda baş tutan səfərindən sonra gəlib. Həyat yoldaşı, həm də restoranın aşpazı Tomoko xanımla Azərbaycana səfər zamanı onlar zəngin mətbəximizlə tanış olduqdan sonra bu barədə qərar qəbul ediblər. Bakıda Azərbaycan yeməklərinin hazırlanma qaydalarının əks olunduğu kitabı alan restoran sahibləri Tokioya döndükdən sonra internet vasitəsilə də bəzi məlumatlar əldə ediblər. Müəyyən hazırlıq mərhələsindən və Yaponiyada Azərbaycan şərabları satan “Orient Star” şirkəti ilə əlaqə qurduqdan sonra restoranın qonaqlarına əsasən qış yeməkləri olan küftə-bozbaş, gürzə və göyərti qutabı təklif etməyi qərara alıblar. Eyci-san bildirib ki, müştəriləri menyuda qeyd olunan Azərbaycan mətbəxi nümunələrinə böyük maraqla yanaşır, ilk dəfə tamına baxdıqdan sonra restorana növbəti gəlişlərində yenə bu yeməkləri sifariş edirlər.
Restoranın aşpazı Tomoko-san isə qeyd edib ki, Azərbaycan yeməkləri dadlı olduqları kimi, hazırlanma qaydaları ilə də fərqlənirlər. Dəfələrlə yoxladıqdan sonra çətinliklə də olsa Bakıda hazırlanan yeməklərin tamına bənzəyən dadı ala bilib və yalnız bundan sonra həmin yeməkləri müştərilərə təklif etməyə başlayıb. Qonaqların Azərbaycan mətbəxinə göstərdiyi maraq, onu başqa yeməkləri də hazırlamağa həvəsləndirib. Tomoka-san bildirib ki, müştərilərə yazda dovğa, payızda isə düşbərə təklif etməyi planlaşdırır. O artıq həmin yeməklərin obrazını öz beynində yarada bilib və ümid edir ki, həmin yeməklərin tamını yaponlara çatdıra biləcək.
Restoranın daimi müştəriləri də Azərbaycan mətbəxini çox bəyəndiklərini, həmin yeməklərin, eyni zamanda Azərbaycan şərabının onlarda xoş əhval-ruhiyyə yaratdığını söyləyiblər.
Azərbaycan haqqında təəssüratlarını bölüşən Kubolar ailəsinin üzvləri bildiriblər ki, ölkəmiz öz gözəlliyi və özünəməxsusluğu ilə onları heyran edib. Buradakı tarixi və mədəni zənginlik, təbii gözəllik, qədimliklə müasirliyin yaratdığı möhtəşəm harmoniya olduqca valehedicidir.
Zənginliyi ilə onların diqqətini cəlb edən Azərbaycan mətbəxinin digər nümunələrini yaponlara çatdırmaq arzusunda olduğunu bildirən Eyci-san gələcəkdə də ölkəmizə səfər etmək istədiyini vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio