DÜNYA
Tokionun və üç qonşu prefekturanın qubernatorları koronavirus pandemiyası ilə bağlı vəziyyəti müzakirə ediblər
Tokio, 30 yanvar, AZƏRTAC
Tokionun və Yaponiya paytaxtı ilə qonşu olan üç prefekturanın qubernatorları fövqəladə vəziyyət rejimində koronavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə ediblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin prefekturalarda fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına baxmayaraq, infeksiya yayılmaqda davam edir.
Qeyd edək ki, Tokioda və daha 10 prefekturada mərkəzi hökumət tərəfindən elan edilən fövqəladə vəziyyət rejimi fevralın 7-də başa çatacaq.
Müzakirələr zamanı Tokionun qubernatoru xanım Koike Yuriko bildirib ki, test cavabları müsbət olan insanların sayı hələ də çox olduğuna görə daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.
Kanaqava prefekturasının qubernatoru Kuroiva Yuci isə rəhbərlik etdiyi prefekturanın səhiyyə sisteminin həddindən artıq yükləndiyini bildirib.
Qubernatorlar mərkəzi hökumətlə fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı mümkün yolların müzakirəsi qənaətinə gəliblər.
Qubernatorlar qeyd ediblər ki, fövqəladə vəziyyət rejimi uzadılacağı təqdirdə iş yerlərini itirmiş insanlara yardım etmək üçün əlavə maliyyə vəsaitinə ehtiyac yaranacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio