DÜNYA
Toksiki maddələrin Oder çayında baş verən təbii fəlakətə səbəb olması istisna edilib

Varşava, 17 avqust, AZƏRTAC
Oder çayından götürülmüş su nümunələrində toksiki maddələr aşkarlanmayıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Polşanın ekologiya naziri Anna Moskva verib. Bildirilib ki, Polşanın ikinci ən uzun çayı olan Oder çayı mənşəyi məlum olmayan zəhərli maddələrlə çirklənib. Polşada son illərin ən ağır təbii fəlakətinə səbəb olan bu hadisə nəticəsində tonlarla balıq kütləvi şəkildə məhv olub.
Nazir bildirib ki, balıqların kütləvi məhvi ilə bağlı hazırda üç hipotez nəzərdən keçirilir. İlk fərziyyə Oder çayının sənaye müəssisələri tərəfindən kimyəvi çirkləndirilməsi və ya sənaye tullantılarının qeyri-qanuni şəkildə çaya axıdılmasıdır. Ətraf Mühit üzrə Baş İnspektorluğun apardığı analizlər bu fərziyyəni inkar edib.
İkinci fərziyyə fəlakətin təbii səbəblərdən baş verdiyini, yəni yüksək temperatur və suyun aşağı səviyyəsi nəticəsində zərərli maddələrin konsentrasiyasının artmasını ehtiva edir. Üçüncü fərziyyədə isə sənaye tullantılarındakı xlorun suyun dibindəki seqmentlərlə qarışaraq zərərli komponentlərə çevrilməsi dayanır.
Həmçinin qeyd edilib ki, zəhərlənmiş balıqlarda pestisidlər və radioaktiv izotoplar aşkarlanmayıb.
Qeyd edilməlidir ki, Almaniya və Polşa arasında sərhəd çayı olan Oder çayında son günlərdə baş verən təbii fəlakət nəticəsində 100 tondan artıq balıq məhv olub. Almaniya və Polşa laboratoriyaları fəlakətin səbəbinin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.
AZƏRTAC-ın xüsusi müxbiri