CƏMİYYƏT


Toksokaroz qurdları nəm torpaqda daha yaxşı inkişaf edir

Bakı, 11 dekabr, AZƏRTAC

Toksokaroz uzun müddət residivləşən və poliorqan zədələnməsi ilə xarakterizə olunan parazitar xəstəlikdir. Helmintozlara aid olan bu problem insan askaridinəbənzər toksokor qurdu tərəfindən törədilir.

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, yoluxma mənbəyi əsasən heyvan tükləri hesab edilir: “İstənilən vaxt, xüsusilə yay-payız mövsümündə toksokaroz xəstəliyinə tutulmaq olar. Xəstəliyə tutulanlar invaziya mənbəyi hesab edilmir, çünki insan toksokar qurdu üçün xarakter sahibi deyil. Buna görə də onlar orqanizmdə cinsi yetkin formaya çata bilmirlər. O sürfələrlə çirklənmiş torpaq, heyvan yunu, çirklənmiş qida məhsulları və çirkli əllər vasitəsilə yayılır. Toksokar uzunluğu 4-18 sm-ə qədər olan ayrıcinsiyyətli qurddur, itlərin mədə və nazik bağırsağında yerləşir. Yetkin qurd fərdlərinin yaşam müddəti 4-6 aydır. Dişi toksokar qurdları gün ərzində 200 min yumurta qoyur. Toksokarın yumurtası 65-75 mkm ölçüsündə dairəvi formadadır. Nəm torpağa düşmüş yumurtalar 5-36 günə yetişir və invazivlik əldə edir. Bu zaman toksokar qurdlarının inkişafı üçün torpağın temperaturu və nəmliyi optimal səviyyədə olmalıdır. Qurdun həyat tsikli mürəkkəbdir. Qurda yoluxmuş hamilə heyvandan sürfə transplasentar yolla dölə keçərək döl doğulana qədər onun qaraciyərində yaşayır”.

Həkim-infeksionist deyib: “İnsan orqanizmində ağıza daxil olmuş yumurta mədəyə, oradan da nazik bağırsağa düşür və ondan süfrə çıxır. Sürfə bağırsağın selikli qişasından keçərək qan damarlarına daxil olur və qapı venası vasitəsilə qaraciyərə düşür. Orada süfrələrin bəzisi çökür və infiltratlar yaradaraq qranulomalara çevrilir, bəziləri isə qaraciyərdən keçərək qan dövranı ilə ağciyərlərə daxil olur. Sonra isə oradan böyük qan dövranı ilə istənilən orqana-böyrək, əzələ, qalxanabənzər vəzi, baş beyin və s. miqrasiya edir. Həmin vəziyyətdə süfrələr uzun müddət qala bilər”.

Toksokaroz xəstəliyinin klinikası barəsində məlumat verən həkim bildirib ki, bu kifayət qədər az spesifikliyi ilə seçilir: “Əlamətləri daha çox kəskin mərhələdə olan istənilən helmintozu xatırladır, temperatur subfebril olur. Limfadenopatiya, kəskin bronxit və pnevmaniya əlamətləri, dəridə polimorf səpgilər, qaraciyər və dalaq ölçülərinin böyüməsi, qarında ağrı, dispeptik pozulmalar, baş ağrıları, epilepsiyaya bənzər qıcolma tutmaları müşahidə edilir.

Toksokarozun müalicəsi digər nematodozlarda olduğu kimi antihelmint preparatlarla aparılır. Profilaktika üçün şəxsi gigiyena qaydalarına riayət edilməli, itlər və küçüklər arasında dehelmintizasiya, preimaginal müalicə, əhali arasında isə sanitar maarif işi təşkil olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.