İDMAN
Tomaş Ayan: biz ağır atletika idman növündə Azərbaycanı çox yaxşı tərəfdaş kimi görürük
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkədə idmanın ağır atletika növü ilə bağlı məsələləri Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərovla müzakirə etdim. Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanla otuz ilə yaxındır sıx əməkdaşlıq edir. AAAF rəhbərliyinə ağırlıqqaldırma idman növü ilə bağlı məsələlərdə fəallıq göstərdiklərinə görə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) prezidenti Tomaş Ayan sentyabrın 20-də keçirdiyi mətbuat konfransında deyib.
Ölkəmizə yenidən səfər etməkdən məmnunluğunu bildirən Tomaş Ayan Azərbaycan və dünya ağır atletikasının hazırkı vəziyyəti və yaranmış problemlərin həlli barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanda ağır atletikaya böyük maraq var və bu idman növü sevilir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda kifayət qədər uğurlu nəticələr qazanıblar.
2017-ci il iyununda Beynəlxalq Olimpiya Komitəsi ağır atletikaya dair ciddi qərarlar qəbul edib. Əfsuslar olsun ki, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən bir sıra ağır atletlərdən götürülmüş dopinq testinin nəticələrinə əsasən idmançılara cəzalar tətbiq olunub. Ağırlıqqaldıranların dopinq-testlərinin təkrar təhlilləri nəticəsində Azərbaycanla yanaşı, doqquz ölkənin bir neçə idmançısı yarışlarda iştirakdan kənarlaşdırılıb.
Beynəlxalq Olimpiya Komitəsi bu məsələlərlə bağlı ciddi xəbərdarlıq edib. Bununla əlaqədar təsirli tədbirlər görülüb. Odur ki, BAAF dopinqlə mübarizə üçün Təmiz İdman Komissiyası və İdman Proqramı Komissiyası yaradıb. Bu məsələdə BAAF Azərbaycan Ağır Atletika Federasiyası ilə sıx əməkdaşlıq edir. AAAF-ın prezidenti Cahangir Əsgərov ən yaxşı milli federasiya rəhbərlərindən biridir. Federasiya rəhbərliyinin gördüyü işlər təqdirəlayiqdir. Azərbaycanda bu idman növünün inkişafına kifayət qədər dəstək göstərilir.
“Pekin və London Olimpiadalarında iştirak etmiş idmançıların qan nümunələrinin təhlillərinin nəticələri və Azərbaycanın bir illik cəza alan 9 ölkə arasında olması məni təəccübləndirdi. Beynəlxalq Ağıra Atletika Federasiyası bu idman növünün daha da təmiz olması üçün müxtəlif tövsiyələr irəli sürüb. Həmin tövsiyələr arasında bir sıra meyarlar da var. Bütün meyarları qəbul edən ölkə federasiyalarından biri də məhz Azərbaycan Ağır Atletika Federasiyası idi. Biz ağır atletika sahəsində Azərbaycanı çox yaxşı tərəfdaş kimi görürük. Bu ilin iyununda Təmiz İdman Komissiyası mənə hesabat verdi ki, Azərbaycan Ağır Atletika Federasiyası bu meyarlara tam əməl edib. Ona görə də Azərbaycan idmançılarına nəzərdə tutulan vaxtdan əvvəl yarışlarda iştirak etməyə icazə verilib. Bu baxımdan, Azərbaycan 9 ölkə arasında cəzası yüngülləşdirilən və yarışlara qatılmağa icazəsi verilən ilk ölkə olub. Bu əməkdaşlığa görə Azərbaycan Ağır Atletika Federasiyasına minnətdarlıq edirəm”, – deyə BAAF-ın prezidenti bildirib.
Tomaş Ayan qeyd edib ki, AAAF-ın cəzası bir ildən səkkiz aya endirildiyi və bu cəza müddəti oktyabrda başa çatacağı üçün Azərbaycanın ağır atletləri Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və Türkmənistanda təşkil olunacaq dünya çempionatında iştirak edə biləcəklər.
BAAF-ın prezidenti, həmçinin bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi ilə görüşdə ölkəmizdə dünya kuboku yarışının keçirilməsi məsələsini müzakirə edib. Azərbaycanın yüksək səviyyəli yarışlara uğurla ev sahibliyi etdiyini deyən Tomaş Ayan dünya kuboku yarışlarının ölkəmizdə təşkil olunmasını istədiyini vurğulayıb.
Mətbuat konfransında AAAF-ın baş katibi Rizvan Rəsulov iştirak edib.