İDMAN


Tomas Bax: Şəhərlərin Qış Olimpiadasını keçirməkdən imtina etmələri iqlim dəyişikliyi ilə bağlıdır

Bakı, 31 oktyabr, AZƏRTAC 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Qış Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı son illər yaranan problemin səbəblərini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, T.Bax bildirib ki, Qış Olimpiya Oyunlarının bir çox amillərdən asılı olduğunu başa düşmək lazımdır. Siz yay yarışmaları üçün hovuzları istədiyiniz yerdə tikə bilərsiniz, lakin əlverişli dağ yamacları, prinsipcə, o qədər də çox deyil. Əsas problem də məhz bundadır.

T.Bax əlavə edib: “Hazırda isə bizim baş verən mühüm iqlim dəyişiklikləri ilə bağlı daha çox problemimiz var. Oyunların keçirilməsinə namizəd şəhərlərin sayı həm Avropada, həm də dünyanın digər hissəsində azalır.

Hakimiyyət orqanlarında müəyyən bir qorxu hissi mövcuddur. Onlar öz regionlarında iqlim dəyişiklikləri müşahidə olunan təqdirdə qış idman növlərinə vəsait qoymaq istəmirlər. Sadəcə olaraq, yerli hakimiyyət orqanları qoyulan vəsaitin özünü doğrultmayacağından narahatdırlar. Çünki artıq 10 ildən sonra ola bilər ki, bu regionda ümumiyyətlə qar olmasın”.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsini arzulayan beş şəhərdən yaxın zamanlarda yalnız ikisinin qalması ehtimal edilir. İtaliya və Kanadanın olimpiya komitələri öz müraciətlərini geri götürə bilərlər. Yaponiya isə artıq Oyunların keçirilməsindən imtina edib. Türkiyənin müraciəti BOK-un xüsusi komissiyası tərəfindən qəbul edilməyib.

Oyunlara ev sahibliyi edəcək şəhər 2019-cu il iyunun 23-də Lozannada seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.