İDMAN
Tomas Bax: Tokio Olimpiadasında tətbiq edilən məhdudiyyətlər dünya idmanında ən ciddi tədbirlərdir
Tokio, 17 iyul, AZƏRTAC
Tokio Olimpiadasının təşkilatçıları tərəfindən tətbiq edilən antikovid məhdudiyyətləri bu yarışları təkcə Yaponiyada deyil, həm də bütün dünyada ən ciddi idman tədbirlərinə çevirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iyulun 17-də onlayn formatda keçirilən mətbuat konfransında deyib.
“İdmançılar da Yaponiya sakinləri kimi eyni marağı güdürlər – təhlükəsizliyi. Buna görə də, onlar bu ciddi tədbirləri nəinki qəbul edirlər, hətta Tokio Olimpiya Oyunlarını təkcə Yaponiyada deyil, həm də bütün dünyada ən ciddi idman tədbirinə çevirən bu addımları alqışlayırlar”, - deyə BOK prezidenti vurğulayıb.
Qeyd edək ki, Oyunların təşkilat komitəsi iyulun 17-də Olimpiada ilə bağlı insanlar arasında ən azı 15 nəfərdə koronavirusa yoluxma halı aşkar edib. Bildirilir ki, bunların yeddisi Olimpiya obyektlərində çalışır, ikisi jurnalist, altısı isə yarışların təşkilində iştirak edən şəxslərdir.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə təxirə salınan bu yarışlar cari il iyulun 23-dən avqustun 8-dək əcnəbi tamaşaçılarsız baş tutacaq. Eyni zamanda, Tokioda və daha altı prefekturada yerli tamaşaçılar da yarışlara buraxılmayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio