SİYASƏT


Tomas Hefti: İsveçrə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verir

Bakı, 10 may, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 10-da İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində ölkənin Federal Assambleyasının Kantonlar Şurasının sədri Tomas Hefti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tomas Hefti Sahibə Qafarovanın parlamentin sədri kimi bu ölkəyə ilk səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin genişləndirilməsinə töhfə verəcəyini bildirib. O, parlamentlərin əməkdaşlığının dövlətlər arasında münasibətlərin inkişafında özünəməxsus rolunu qeyd edərək, İsveçrənin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Xüsusilə iqtisadi sahədə əlaqələrin daha da zənginləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Azərbaycan və İsveçrənin qanunverici orqanları arasında əlaqələrdən danışan Milli Məclisin sədri parlamentlərimiz arasında mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib. Deyib ki, müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi qanunverici orqanlar arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Parlament komitələrinin qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, komitələrin əməkdaşlığı münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yarada bilər.

Görüşdə Sahibə Qafarova Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyulması, işğal dövründə Ermənistanın binaları, infrastrukturu, o cümlədən mədəni və dini abidələrimizi tamamilə məhv etməsi, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq və bərpa işləri barədə məlumat verib. Qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylər davam etdirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşdə müəyyən razılaşmalar əldə olunub və Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul edir. Azərbaycan regionda daimi sülhün və sabitliyin təmin olunmasını istəyir. Ümid edirik ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.