CƏMİYYƏT
Toronto Universitetində Nəsimi gecəsi keçirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Toronto Universitetinin Emmanuel kollecində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Toronto Universitetinin rəhbərliyinin və Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (AQDM) birgə təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildiriblər ki, “Nəsimi yaradıcılığında mənəviyyat və kamil insan” mövzusuna həsr olunan gecədə AQDM-in İdarə Heyətinin üzvü Könül Qurbanova, fəlsəfə doktorları Nevin Reda əl-Tahiri, Laori Silvers, Emmanuel kollecinin professoru Nazilə İsgəndərova və ilahiyyatçı alim Elsevər Səmədov çıxış edərək, Nəsiminin yaradıcılığından, onun fəlsəfi baxışlarından, dünya mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıblar.
Tədbirin bədii hissəsində Nəsiminin şeir və qəzəlləri Azərbaycan və ingilis dillərində təqdim olunub, şairin şeirlərinə bəstələnmiş mahnılar “Dalğa” musiqi qrupunun müşayiəti ilə səsləndirilib, “Sarı gəlin” rəqsi ifa edilib, EL TV-nin rəhbəri Elçin Muxtarovun böyük şair haqqında hazırladığı videoçarx nümayiş olunub.
Gecədə ölkəmizin Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyev də iştirak edib.
Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadınlarına Dəstək Mərkəzi 2005-ci ildən Kanadada fəaliyyət göstərir.