CƏMİYYƏT


Torontoda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib VİDEO

Bakı, 2 yanvar, AZƏRTAC

Kanadanın Toronto şəhərində yaşayan həmyerlilərimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını qeyd ediblər.

Kanadada fəaliyyət göstərən EL televiziyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə məlumat verilib. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında həmrəyliyin və azərbaycançılıq məfkurəsinin formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri diqqətə çatdırılıb, Azərbaycan dövlətinin diaspora diqqət və qayğısından söhbət açılıb.

Vaterloo Universitetinin riyaziyyat və biznes proqramları üzrə direktoru, professor İlham Axundov tədbirdə çıxış edərək harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün ölkəmizi layiqincə təmsil etməyin ən vacib məsələ olduğunu vurğulayıb. Alim ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, Azərbaycan mədəniyyətinin təbliğinin zəruriliyini diqqətə çatdırıb. Azərbaycan dövlətinin son illərdə qazandığı uğurlardan danışan İ.Axundov bu nailiyyətlərin ildən-ilə daha da artacağına əminliyini bildirib.

Toronto Universitetinin türk ədəbiyyatı bölməsinin professoru Lalə Cavanşir Qocabəyli 2006-cı ildə həyat yoldaşı ilə birlikdə təsis etdiyi Toronto Azərbaycan rəqs ansamblının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Kanadada yaşayan müxtəlif xalqların nümayəndələri də Azərbaycan milli rəqslərinə böyük maraq göstərirlər. O, “Yallı”nın UNESCO-nun Təcili Qorunma Siyahısına salınmasından sonra bu əlamətdar hadisəyə həsr etdikləri ilk rəqs gününə 150-dək iştirakçının qatıldığını deyib.

Kanadada yaşayan, əslən Cənubi Azərbaycandan olan soydaşımız Oğuz Türk və digər həmvətənlərimiz də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Çıxış edənlər dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlının bu bayramı böyük təntənə ilə qeyd etdiyini bildirərək, bu münasibətlə bütün soydaşlarımıza təbriklərini çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.