QAN YADDAŞI
Torontoda Xocalı soyqırımı qurbanları anılıb VİDEO
Bakı, 25 fevral, A.Həsənova, AZƏRTAC
Kanadanın Toronto şəhərində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.
Kanadada fəaliyyət göstərən "EL” televiziyasından AZƏRTAC-a bildiriblər ki, mərasim Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyası və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Torontonun mərkəzi parklarından biri olan Harbour Square Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın ətrafında toplantı keçirilib.
Mərasimdə çıxış edən Vaterloo Universitetinin riyaziyyat və biznes proqramları üzrə direktoru, professor İlham Axundov Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində görülən işlərdən danışıb. İlham Axundov Kanadanın parlament üzvlərinə ünvanladıqları məktubda təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı nəticəsində yüzlərlə insanın qəddarcasına qətlə yetirildiyini və itkin düşdüyü barədə geniş məlumatlar verildiyini bildirib. O, gələcəkdə Kanadanın rəsmi olaraq bu soyqırımı tanıyacağına ümidvar olduğunu qeyd edib.
Kanadada fəaliyyət göstərən Azərbaycan İncəsənət Mərkəzinin sədr müavini Naznaz Sadıqova dünyanın bir çox ölkələrində Xocalı faciəsinin soyqırımı kimi tanınmasına baxmayaraq, beynəlxalq birlik tərəfindən hələ də ona lazımi qiymət verilmədiyini deyib, insanlığa qarşı bu cür cinayətlərin bir daha təkrarlanmaması və ədalətin bərpa olunması üçün bütün sülhsevər xalqların səssiz qalmamaları çağırışını edib.
Çıxış edən digər tədbir iştirakçıları faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı dövlət səviyyəsində bütün zəruri tədbirlərin görüldüyünü qeyd ediblər. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, görülən bu tədbirlər Xocalı soyqırımının törədilməsində günahkar olan bütün insanların cəzalandırılaraq məhkum ediləcəyinə ümid verir.