REGİONLAR
“Torpağı yandırıb növbəti ilin məhsuldarlığını aşağı salınca, biçilmiş sahəni şumlayın ki, bol məhsul götürə biləsiniz” – Salyanda taxıl sahəsindən reportaj VİDEO
Salyan, 9 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkəmizdə taxıl biçininə başlanılıb. Təəssüf ki, biçilmiş sahələrin yandırılması hallarına hələ də rast gəlmək olur. Ötən illərdə bu istiqamətdə maarifləndirici tədbirlər görülsə də, bir çox mülkiyyətçi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasının fərqinə varmır. Halbuki sahənin yandırılması növbəti ilin məhsuldarlığına ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, biçindən sonra torpağa qulluq edənlər də az deyil. Onlardan biri Salyanın Qızılağac kənd sakini Dadaş Zülfüqarovdur. Fermer illərdir ki, taxıl əkini ilə məşğuldur. O, arpa biçinindən sonra növbəti əkin üçün yay şumuna başlayıb.
“Dörd hektar pay torpağında arpa əkmişdim. Artıq biçin yekunlaşıb, 30-35 sentner məhsul götürmüşəm. Növbəti dəfə pambıq əkini aparılacaq. Ona görə də sahədə şum işləri gedir. Sahəni yandırmaq olmaz, bu, torpağın üst qatına çox ziyan vurur, məhsuldarlıq aşağı düşür. Amma biçilmiş sahəni şumlayanda torpaq altında qalan saman qırıntıları çürüyür, bu isə təbii gübrə rolunu oynayır. Ona görə də, fermerlərə məsləhət görərdim ki, torpağı yandırıb növbəti ilin məhsuldarlığını aşağı salınca, biçilmiş sahəni şumlasınlar ki, bol məhsul götürə bilsinlər”, - deyə Dadaş Zülfüqarov bildirib.
Kənd təsərrüfatı mütəxəssisi İbadət Cəfərov da fermerin dediklərini təsdiqləyir. Onun sözlərinə görə, biçin aparılan sahənin şumlanması nəticəsində bitki qalıqları parçalanır, bu isə torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur. Eyni zamanda, torpağın strukturu yaxşılaşır, su torpaqda daha asan mənimsənilir, nəmlik artır. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhvinə, bütövlükdə torpağın münbitliyinin kəskin azalmasına gətirib çıxarır.
“Torpağı yandırmağa qətiyyən yol vermək olmaz. Çünki torpağın humus təbəqəsi məhv olur. Bir millimetr humus təbəqəsinin formalaşması üçün 30 il vaxt lazımdır. Humus təbəqəsindən əlavə, bioloji mikroorqanizmlər var ki, torpağın münbitliyini saxlayır. Həmin mikroorqanizmlər torpağın üst qatında olur. Əgər biz o ekosistemi məhv ediriksə, torpaq gücdən düşəcək. Nəzərə almaq lazımdır ki, təkcə azot verməklə torpağı bərpa etmək olmur. Bəzi fermerlər torpağın ekosistemini məhv edir. Bu, günahdır, cinayətdir”, - deyə mütəxəssis əlavə edib.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Avdı Həsənov da məsələyə münasibət bildirib. Qeyd edib ki, samanın yandırılması həm də torpağın həyat qabiliyyətinin pisləşməsinə gətirib çıxarır və yüz illər ərzində formalaşan faydalı mikroorqanizmlər məhv olur. Belə ki, bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir.
Avdı Həsənov fermerlərə tövsiyə edib ki, biçindən sonra sahələrdə küləşin yandırılması hallarına qətiyyən yol verməsinlər: “Bu, çox önəmli, vacib məsələdir. Çünki bəzən fermerlərimiz növbəti ilin şum prosesinin keçirilməsi üçün sahələrdə küləşi yandırırlar ki, normal şum apara bilsinlər. Düşünürlər ki, torpağın keyfiyyətinə heç bir xələl gəlmir. Amma əslində belə deyil. Sahədə küləşin yandırılması demək olar ki, növbəti ilin məhsulunun, nəinki növbəti ilin, bir neçə ilin məhsulunun azalmasına gətirib çıxarır. Biçindən sonra taxıl sahələrinin yandırılması həmin yerdə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur. Əksinə, həmin o qalıq kövşən biçin zamanı şum altına çevrilərsə, çürüyərək növbəti ilin məhsuldarlığına müsbət təsir göstərəcək. Biçilmiş sahələrin yandırılması, eyni zamanda, ekoloji problemdir, insanların mülkiyyətinə ziyan vura, yanğın ətrafa yayıla bilər”.
Qeyd edək ki, rayonda ümumilikdə 16867 hektar sahədə taxıl əkilib. Onun 6274 hektar buğda, 10593 hektar isə arpadır. Artıq 1671 hektar sahədə arpa biçini yekunlaşıb və 4250 ton məhsul əldə edilib. Biçin aparılan 41 hektar sahədə şum işləri aparılıb. Şum prosesi Salyanın Qızılağac, Parça-Xələc, Qarabağlı və Həsənli kəndlərində yekunlaşıb.