REGİONLAR


Torpağın aqrokimyəvi analizi nə üçün vacibdir? - Mütəxəssis cavablandırır

Bakı, 4 sentyabr, AZƏRTAC

Torpağın aqrokimyəvi tərkibini bilmək hər bir fermer üçün vacib amildir. Bu analizin aparılması və onun əsasında torpağa edilən qulluq nəticəsində bol məhsulun əsasını qoymaq mümkündür.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatı təyinatlı torpaqlarla iş sektorunun baş mütəxəssisi Zakir Nəbiyevin mövzu ilə bağlı müsahibəsini təqdim edir.

- Zakir müəllim, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi hansı amillərdən asılıdır?

- Kənd təsərrüfatı qeyri-neft sektoru olaraq Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təminatı baxımından ölkə iqtisadiyyatının əsas strateji sahəsi hesab olunur. Hazırda ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır və əmək ehtiyatlarının 35 faizi kənd təsərrüfatı ilə məşğuldur.

Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki idarələri inşa olunan zaman aqrokimyəvi laboratoriyalar, baytarlıq və toxumçuluq üzrə qoyulan tələblər və standartlar nəzərə alınıb, 11 rayon və şəhərdə (Abşeron, Quba, Bərdə, Göygöl, Sabirabad, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Gəncədə (Azərbaycan Dövlət Aqrar Universiteti)) belə binalar tikilib. Laboratoriyalar müasir cihaz və avadanlıqlarla təchiz olunub, yeni tikilmiş binalarda yerləşdirilib.

- Aqrokimya laboratoriyalarında hansı analizlər aparılır?

- Bu laboratoriyalarda aqrokimyəvi analizlərin 14 parametr üzrə aparılması nəzərdə tutulub. Hələlik pH-ın təyini, karbonatlıq, azot, fosfor, kalium, duzluluq, mikro və makro elementlərin təyini üzrə analizlər aparılır. Ötən dövrdə regional aqrokimya laboratoriyalarında çalışacaq mütəxəssislərə beynəlxalq ekspertlər tərəfindən aqrokimyəvi analizlərin aparılmasına dair təlimlər keçirilib.

Qısa müddət ərzində Abşeron, Yevlax və Göygöl regional aqrokimya laboratoriyalarında xeyli iş görülüb. Məsələn, təkcə 2017-ci ildə Abşeron regional laboratoriyasında mikroelementlərin təyini üzrə 3600-ə qədər analiz aparılıb, torpaq sahələri üzrə qida maddələri kartoqramları hazırlanıb fermerlərə təqdim edilib, əkiləcək bitki növlərinə uyğun olaraq müvafiq tövsiyələr işlənərək, Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sisteminə yerləşdirilib. Gələcəkdə aqrokimyəvi laboratoriyalarda aparılacaq torpaq analizləri prosesinin avtomatlaşdırılması, o cümlədən torpaq istifadəçilərinin elektron müraciəti, torpaq nümunələrinin qeydiyyatı, fermerlərin reyestr məlumat bazasına inteqrasiyası və ölkə üzrə vahid məlumat bazasının yaradılması üçün elektron informasiya sisteminin tərkib hissəsi olaraq xüsusi torpaq analizi modulunun yaradılması məqsədi ilə müvafiq işlərin icrasına başlanılıb. Bu informasiya sistemində toplanacaq məlumatlar nazirliyin Coğrafi Məlumat Bazasına inteqrasiya ediləcək və bununla da aqrokimyəvi torpaq xəritəsinin yenilənməsinə zəmin yaranacaq.

- Aqrokimyəvi analizin keyfiyyəti həm də torpaq nümunəsinin düzgün götürülməsindən asılıdır...

- Torpaq nümunələrinin elmi metodlara uyğun düzgün götürülməsi əsas qida maddələrinin təyin olunmasında vacib şərtlərdəndir. Çox vaxt əsas diqqət laboratoriyada torpaq analizlərinin düzgün aparılmasına yönəlir, ancaq torpaq nümunələrinin götürülməsinə diqqət yetirilmir və yaxud az əhəmiyyət verilir. Götürülən torpaq nümunələri sahənin orta münbitliyini tam səciyyələndirməli və onun dəyişkənliyini müəyyənləşdirmək üçün imkan verməlidir. Əgər torpaq nümunəsi düzgün götürülməyibsə, yaxud sahəni tam səciyyələndirmirsə, aparılacaq analizlərin əhəmiyyəti azalır, ən yaxşı halda isə düzgün nəticə çıxarmaq mümkün olmur. Bu səbəbə görə sahədən torpaq nümunələrinin qəbul olunmuş elmi-metodikalar çərçivəsində götürülməsi, düzgün analiz nəticələrinin alınması üçün ən başlıca və vacib şərtdir. Aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi, kartoqramların hazırlanması, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsi, həmçinin gübrə normalarının müəyyən edilməsi fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaq.

Torpağın tərkibini bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır. Bu zərəri sığortalamaq üçün torpaqların analiz edilməsi tövsiyə olunur. Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatı müəyyən edilir. Dənli bitkilərin məhsuldarlığı məhsulun keyfiyyəti torpaq-iqlim şəraitindən, torpaqların qida maddələri ilə təminolunma dərəcəsindən, sələf bitkilərindən, üzvi və mineral gübrələrin norma nisbətindən və bitkinin potensial məhsuldarlığından asılıdır. Ona görə də dənli bitkilər becərilərkən qeyd olunan göstəricilər nəzərə alınmalı, sələf düzgün seçilməlidir. Nəmliklə təmin olunmamış dəmyə torpaqlarda dənli bitkilər üçün (buğda, arpa, vələmir, çovdar və s.) ən yaxşı sələf qara herikdir.

Suvarılan torpaqlarda isə payızlıq dənli bitkilər cərgəarası becərilən bitkilərdən (pambıq, günəbaxan, qarğıdalı, yem çuğunduru, şəkər çuğunduru, tərəvəz bitkiləri və sairə) sonra əkilməlidir. Çünki bu vaxt torpaqda asan mənimsənilən əsas qida maddələrinin miqdarı nisbətən yaxşılaşır, alaq bitkiləri az olur və payızlıq dənli bitkilərin inkişafı üçün münbit şərait yaranır. Suvarma şəraitində payızlıq dənli bitkilər üçün yonca, xaşa, soya da yaxşı sələf sayılır. Ancaq yonca və xaşa sələflərindən sonra payızlıq dənli bitkilər becəriləcəksə, bu sələflər avqust ayında şumlanmalıdır, əks halda onların kök qalıqları cücərir və bitkilərin məhsuldarlığının azalmasına səbəb olur.

Payızlıq dənli bitkilər üçün (buğda, arpa) gübrə normaları müəyyənləşdirilərkən torpağın tipi, sələf bitkisi və payızlıq dənli bitkinin potensial məhsuldarlığı və torpağın əsas qida maddələri ilə (azot, fosfor və kalium) təminolunma dərəcələri nəzərə alınmalıdır. Yəni torpağın əsas qida maddələri ilə təminolunma dərəcəsinə əsasən azot, fosfor və kalium gübrələrinin norması müəyyənləşdirilməlidir.

Fosfor-kalium gübrələri səpinqabağı verilməli, sonra becərmə aparılmalıdır. Azot gübrəsinin illik normasının 30 faizi səpinqabağı, qalan 70 faizi isə erkən yazda sahəyə çıxmaq mümkün olan vaxtı (təxminən mart ayının əvvəli) verilməlidir.

Suvarma şəraitində payızlıq dənli bitkilərin sələflərin seçilməsi və yaradılması nisbətən asandır. Çünki respublikanın aran iqtisadi rayonlarında, həmçinin Şəki-Zaqatala iqtisadi bölgəsinin nəmliklə təmin olunmuş rayonlarında payızlıq dənli bitkilərdən sonra ikinci məhsul kimi qarğıdalı bitkisinin dən və yaşıl yem kimi becərilməsi mümkündür, onda payızlıq dənli bitkilərin sələfləri dəyişir.

- Aqrokimyəvi analizlərin nəticələrinin vahid bazada toplanması istiqamətində hansı işlər görülür?

- Kənd Təsərrüfatı Nazirliyinin torpaq sahələrinin identifikasiyası sistemi üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin rəqəmsallaşdırılması və ilkin coğrafi məlumatlar bazasının yaradılması istiqamətində hazırlıq işləri görülüb. Həmçinin ərazinin aero və peyk şəkilləri əsasında hazırlanmış ortofoto xəritələr və kartoqrafik mənbələr əsasında məlumatlarının hazırlanması, məlumatların toplanması və sistemləşdirilməsi məqsədilə coğrafi məlumat bazasının yaradılması, sinifləndirmə və kodlaşmanın formalaşdırılması işləri həyata keçirilib.

Aqrokimyəvi analizlərin nəticələrinin daxil edilməsi üçün AgroGİS məlumat bazasının strukturunda məkan obyektlərinin verilənlər dəsti (MOVD) və müxtəlif cədvəllər yaradılıb. MOVD-ın tərkibində aqrokimyəvi analizlərin nəticələrinin daxil edilməsi üçün məkan obyektləri sinfi (MOS) qurulub. Aqrokimyəvi analizlərin nəticələri üçün yaradılmış MOS-da hər bir elementin analizinin nəticələrinin daxil edilməsi üçün integer (rəqəm) və strinq (mətn) tipli sahələr (sütunlar) əlavə olunub. Aqrokimyəvi rəqəmsal torpaq xəritəsinin tərtib edilməsi üçün ilkin coğrafi məlumatlar bazasının yaradılması torpaq nümunələrinin analizinin nəticələri, kartoqrafik materiallar, müxtəlif illərdə hazırlanmış ortofoto xəritələr, peyk təsvirləri əsasında həyata keçirilir. Aparılan aqrokimyəvi analizlərin nəticələri müəyyən olunmuş elektron cədvəllərdə yığılaraq sistemləşdirilir. Həmin cədvəllər coğrafi məlumat bazasına inteqrasiya edilir. Coğrafi məlumat bazası əsasında hazırlanmış xəritələr vasitəsilə istənilən element üzrə zəif, orta, yaxşı və sair səviyyədə təmin olunmuş ərazilərin müəyyən edilməsini, sahənin hesablanmasını və digər proseduraları həyata keçirmək mümkün olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.