ELM VƏ TƏHSİL
Torpaq idarəçiliyinə dair konfransın materiallar toplusu çapdan çıxıb
Bakı, 12 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” adlı yeni nəşr çapdan çıxıb.
Kitabın baş redaktorları ƏMDK-ın sədri Kərəm Həsənov və AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, buraxılışına məsul əməkdaşlar coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və Coğrafiya İnstitutunun direktor müavini, dosent Məhərrəm Həsənovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda 2018-ci il mayın 7-də ƏMDK və AMEA-nın, o cümlədən Coğrafiya İnstitutunun alimlərinin iştirakı ilə birgə keçirilmiş konfransın materialları toplanıb.
Əsərlər toplusunda Azərbaycanda müstəqillik illərində həyata keçirilən torpaq islahatının nəticələri təhlil edilir, torpaqlardan istifadənin müasir vəziyyəti araşdırılır, ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri, torpaq idarəçiliyində istifadə istiqamətləri müəyyənləşdirilir, kənd təsərrüfatının ərazi təşkilində olan problemlərin aradan qaldırılmasının elmi əsasları göstərilir.