ELM VƏ TƏHSİL


Torpaq örtüyünün 97,5 faizi deqradasiyaya məruz qalıb

Bakı, 17 fevral, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dosent İsmayıl Quliyev “Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və digər antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyub.

Qeyd edək ki, ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirib, cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma, texnogen deqradasiya və antropogen amillərə görə torpaq deqradasiyasının qiymətləndirilməsi işini aparıb. Məlum olub ki, 250,5 hektar (ümumi ərazinin 61,4 faizi) şiddətli və çox şiddətli, 129,6 hektar (ümumi ərazinin 31,3 faizi) mülayim, 20,911 hektar isə (ümumi ərazinin 4,8 faizi) zəif deqradasiya olmaqla, torpaq örtüyünün ümumi ərazisinin 97,5 faizi müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.

Tədqiqatçı torpaq deqradasiyasına qarşı hazırladığı kompleks tədbirlər planını iclas iştirakçılarına təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.