REGİONLAR
Torpaq sürüşməsi Siyəzənin Sədan kəndində üç evi qəzalı vəziyyətə salıb VİDEO
Siyəzən, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Torpaq sürüşməsi Siyəzən rayonunun Sədan kəndində bəzi evlərə ciddi ziyan vurub.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 8 kilometr məsafədə yerləşən kənddə sürüşmə prosesi bu ilin mart ayından aktivləşib. Doqquz aydan çoxdur davam edən proses nəticəsində sürüşmə zonasına düşən üç evin divarları çatlayıb, binalar qəzalı vəziyyətə düşüb.
Sürüşmə baş verən əraziyə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliyinin mütəxəssisləri baxış keçiriblər. Faktla bağlı müvafiq rəylər hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.
Qəzalı vəziyyətdə olan evlərdən birinin sahibi Fərhad Qəribov binada çatların getdikcə böyüdüyünü bildirib. Evin bəzi divarlarında çatların eni 10 santimetrdən çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının əməkdaşı Sadiq Əmiraslanov Siyəzən rayonunun Sədan kəndində sürüşmə prosesinin uzun illərdir davam etdiyini bildirib. Bu il yağıntıların çox olması prosesi daha da aktivləşdirib.