Torpaq üzərində 11 aydan çox icarə və istifadə hüquqları dövlət reyestrində qeydə alınacaq
AzerTAg.az

Bakı, 1 fevral, AZƏRTAC
Kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar proseslər “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin fevralın 1-də keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Torpaq Məcəlləsində və “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrində əksini tapıb.
Sənədlər kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb.
Dəyişikliklərə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.
Hazırda bu sahə üzrə torpaq istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri informasiyaların sistemə daxil edilməsi təmin olunur. Beləliklə, torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə, birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.
Xəbərin mətnində orfoqrafik səhv var