REGİONLAR
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyi artırılmalıdır
Ağsu, 14 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi Ağsuda rayon icra hakimiyyətinin dəstəyi ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyə sədrlərinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi” mövzusunda işgüzar forum keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilən işgüzar forumda yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyəti aparatı hüquq şöbəsinin müdiri Tofiq Kərimov açaraq məsələnin aktuallığından, hər kəsin mövcud qanunları bilməsinin zəruriliyindən danışıb.
İşgüzar forumda Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müşaviri Rafiq Süleymanovun torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar və onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə məruzəsi dinlənilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına diqqəti cəlb edən məruzəçi torpaqlardan məqsədli təyinata və hüquqi rejimə uyğun istifadənin, onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsinin və aidiyyəti orqanların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyini bildirib. Qeyd edib ki, torpaq qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün təsirli tədbirlər görülməli, bununla bağlı bələdiyyələrlə və ictimaiyyətlə müntəzəm olaraq maarifləndirmə işi aparılmalıdır.
İşgüzar forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.