REGİONLAR


Torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti həyata keçirilir

Naxçıvan, 13 fevral, AZƏRTAC

Naxçıvanda torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daim diqqətdə saxlanılır.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonunun 22 bələdiyyəsi və dövlət ehtiyat fondu, Babək rayonunun 12 bələdiyyəsi və qış otlağı, Culfa rayonunun 7 bələdiyyəsi, Kəngərli rayonunun 6 bələdiyyəsi və qış otlağı, Ordubad rayonunun 5 bələdiyyəsi, Sədərək rayonunun 1 bələdiyyəsi, dövlət ehtiyat fondu və qış otlağı, həmçinin Naxçıvan şəhərinin 4 bələdiyyəsi üzrə eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar ötən ay xəritələşdirilib.

Torpaqların elektron kadastr uçotunun aparılması ilə əlaqədar olaraq Culfa rayonunun Culfa bələdiyyəsi və Ordubad rayonunun Ordubad bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, aşkar olunan uyğunsuzluqlar aradan qaldırılıb. Qeyd olunan bələdiyyələr üzrə həyətyanı torpaq sahələrinin miqrasiyası başa çatdırılıb. Ordubad rayonunun Üstüpü, Çənnəb və Aza bələdiyyələrinin ərazilərində torpaqların qida maddələri ilə təmin olunması kartoqramları yenilənib.

Torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Xələc və Şəhriyar, Kəngərli rayonunun Qarabağlar kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb. Şərur rayonunun Dəmirçi və Kəngərli rayonunun Şahtaxtı kəndinin ərazisində monitorinqlərə başlanılıb. Aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılıb.

Ötən ay 409 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 314 texniki sənəd hazırlanıb, yeni yaranmış 16 daşınmaz əmlak obyektinə ünvan verilib, 64 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarına daxil edilib. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 50 vətəndaşın müraciətinə baxılıb. 11 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.