İQTİSADİYYAT


Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6 faiz yerinə yetirilib

Bakı, 27 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Komitədən AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilib, proqnoz tapşırıq 151,6 faiz yerinə yetirilib. Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib (proqnoz tapşırıq 114 faiz). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsait köçürülüb.

2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 milyon (6,2 milyon manat torpaq sahələri üzrə və 1,8 milyon manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulub. Cari ilin ilk 5 ayının faktiki göstəriciləri illik proqnoz tapşırıqlarına tam əməl ediləcəyinə şübhə yeri qoymur.

ƏMDK tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 8,7 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Bundan 6,8 milyon manatı (proqnoz tapşırığa nisbətdə 110,0 faiz) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 milyon manatı (proqnoz tapşırığın 105 faiz) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olub ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.

Komitə tərəfindən dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı da elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətdən istifadə etməklə onlayn rejimdə icarə haqqı borcunu öyrənmək mümkündür. Xidmətdən istifadə üçün e-emdk.gov.az portalına daxil olmaqla 37-ci bölməyə keçid etmək kifayətdir. Həmin bölmədə “İcarəçinin kodu” xanasına müvafiq kodu daxil etməklə icarə borcu haqqında məlumat əldə edilir. Eyni zamanda, vətəndaşların rahatlığı nəzərə alınaraq icarə haqqı borclarının mobil telefon vasitəsilə də öyrənilməsi imkanları reallaşdırılıb. Bu məqsədlə, 9193 nömrəsinə icarə haqqı kodu göndərilməklə dərhal icarə borcunu öyrənmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.