REGİONLAR
Torpaqların münbitliyinin artırılmasına dair tədqiqatlar davam etdirilir
Naxçıvan, 15 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına muxtar respublikada torpaq münbitliyinin artırılması, məhsuldarlığının yüksəldilməsi ilə bağlı müzakirə keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq keçirilən müzakirədə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev, böyük laborant Aytac Quluzadə və “Araz” Elm İstehsalat Birliyinin şöbə müdiri Fazilə Fərəcova iştirak ediblər.
Müzakirədən sonra tədqiqatçılar Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyası ilə tanış olub, birliyin əkin sahələrində müşahidə aparıblar. Pomidor bitkisi əkininin birgə aparılması və tədqiqi nəzərdə tutulub.
Əkindən qabaq bir neçə sahədən götürülən torpaq nümunələri Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında analiz olunub, onların münbitlik göstəriciləri ölçülüb. Pomidor bitkisinə lazım olan torpaq göstəricilərinin mövcud vəziyyəti öyrənilərək əkin həyata keçirilib.
Təhlillər əsasında bitkinin vegetasiya dövrünün sonuna kimi məhsuldarlığa təsiri ilə bağlı müşahidələr aparılacaq. Məhsul yığımından sonra əvvəlcə tədqiq olunan torpaq nümunələri yenidən analiz ediləcək. Nəticədə bitkinin vegetasiya dövrünün sonuna kimi torpaqdan qəbul etdiyi qida maddələrinin ehtiyatı müəyyən olunacaq. Bu isə gələcəkdə sahədə torpaq münbitliyinin və məhsuldarlığın artırılması üçün aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsinə şərait yaradacaq.