Torpaqşünas alim: Ölkəmizdə çox ciddi su itkisinə yol verilir
AzerTAg.az

Bakı, 28 dekabr, AZƏRTAC
Ölkəmizdə çox ciddi su itkisinə yol verilir. Bu məsələ 2020-ci il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə də geniş müzakirə olundu, su itkisinin aradan qaldırılması üçün konkret tapşırıqlar verildi. Dövlət başçısı bildirdi ki, “biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.
Göründüyü kimi, su itkisi çox ciddi problemdir. Təsəvvür edin ki, Mingəçevir su anbarından hazırda saniyədə 100 kubmetrdən çox su Kür çayına buraxılır. Ancaq Salyana bu suyun saniyədə 8-10 kubmetri gəlib çıxır. Səbəb nədir? Çay yatağında 100-dən çox nasos vasitəsilə suyun götürülməsi birinci səbəbdir. Digər səbəblər isə müxtəlif amillərlə bağlıdır. Suvarma kanallarında olan itkiləri və suvarmanın düzgün aparılmamasını da bu səbəblər sırasına aid etmək olar. Apardığımız müşahidələr göstərir ki, Azərbaycanın əksər yerlərində gecə suvarması yoxdur. Suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət mexanizmi də yox dərəcəsindədir. Sistemin başında lazım olan su istifadəçiyə ötürülür. Lakin sudan səmərəli istifadə və gecə suvarması aparılmadığına görə suvarma suyu sahədən birbaşa drenajlara, kollektorlara, oradan da dənizə axıdılır.
Bunu AZƏRTAC-a açıqlamasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib. Onun sözlərinə görə, bu gün Kür-Araz ovalığında istifadə olunan kollektor-drenaj sistemləri 50 ilə yaxındır ki, fəaliyyət göstərir, lakin torpaqlarda məhsuldarlıq azalır, 500 min hektara qədər suvarılan torpaqlarda antropogen təsirlər nəticəsində çox mürəkkəb proseslərə rast gəlinir. Prosesin elmi cəhətdən öyrənilməsinə ciddi ehtiyac vardır. Əslində Kür-Araz ovalığının suvarılan torpaqları ərazisində çox ciddi problem yaranıb. Regionda yeni elmi prinsiplərə uyğun şəkildə tədqiqat aparılmalıdır. Bu, günün ən vacib məsələsidir.
“Mövcud elmi əsaslara görə Azərbaycanda kollektorlardan axan suyun minerallaşması 10-20 qram/litr arasında olmalıdır. Yəni bu sular mövcud Xəzər dənizi suyunun minerallaşmasına yaxın olub suvarma üçün tamamilə yarasız hesab olunur. Əslində isə vəziyyət başqadır. Baş Mil-Muğan kollektorundan saniyədə 80 kubmetr su gedir. Bu da çox ciddi rəqəmdir. Biz kollektorun suyunu analiz etdik və gördük ki, minerallaşma 3-4 qram/litr arasındadır. Sonra mətbuatda çıxış edərək bu məsələyə diqqət çəkdik. Bildirdik ki, minerallaşması aşağı olan sulardan düzgün istifadə etməliyik. Minerallaşması 4 qram/ litr olan şor sulardan kənd təsərrüfatında suvarmada istifadə edilməsi mümkündür. O şərtlə ki, arat suyu dövründə həll olunmuş duzların yuyulması üçün şirin su verilsin. Belə bir təcrübə vardır.
Bizim kifayət qədər şirin su ehtiyatımız var və biz bundan düzgün istifadə edə bilmərik. Bu, bizi narahat etdiyindən kollektorlardan axıdılan sudan səmərəli istifadə etməyin yollarını araşdırmaq üçün tədqiqat işlərinə başladıq. İnstitutumuzun 40-dan çox əməkdaşı Baş Mil-Muğan və Baş Şirvan kollektorlarında tədqiqat aparırlar. Tədqiqatın nəticələri çox maraqlıdır”, - deyə alim bildirib.
O qeyd edib ki, kollektorların yuxarı yerlərində suyun minerallaşması 1-2 qram /litr arasındadır. Bu suların aşağı zonalarda şoran yerlərdə, qrunt suları ilə əlaqəli kanalların təsiri ilə duzluluğu artsa da, 3 qram/litrdən artıq olmur. Aşağı hissələrdə duzlu sular da qoşulur. Beləliklə, bu gün kollektorlarda suyun minerallaşması 3 qram/ litrdən aşağıdır. Ona görə də bu kollektorlardan axan su Kür çayının məcrasına yönəldilməlidir. Mingəçevir su anbarından buraxılan saniyədə 100 kubmetr su ilə kollektorlardan axan su qarışdırılsa, onun minerallaşması 1-1,5 qram/litrə qədər azala bilər. Halbuki kollektorlarla dənizə axıdılan suyun həcmi il ərzində 4.5 milyard kubmetrdir. Azərbaycanın illik suvarma suyuna olan tələbatı 12-13 milyard kubmetr olduğunu nəzərə alsaq, su itkisi 40%-dən çoxdur. Kollektorlarla axan 4.5 milyard kubmetr suyun bir hissəsi yuxarı axınlarda Kür çayına yönəldilsə, o zaman Neftçala və Salyan rayonlarında suvarma suyu ilə bağlı problem, demək olar ki, öz həllini tapar.
Alim Azərbaycanda etibarlı su sistemləri - kəhrizlər barədə görülən işlərdən bəhs edərək qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kəhrizlər bizim alimlərin və mütəxəssislərin köməyi ilə bərpa olunaraq içməli suya olan tələbatı ödəməklə yanaşı, kənd təsərrüfatının suvarma əkinçiliyinin inkişafına da təkan verə biləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var