ELM VƏ TƏHSİL
Torpaqşünas alimlər Ceyrançöl ərazisində tədqiqat işi aparıblar
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev və həmin şöbənin baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov Ceyrançöl alçaq dağlığı ərazisində torpaq tədqiqatında olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, çöl ekspedisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə “İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarəolunma modelləri (Ceyrançöl timsalında)" mövzusu əsasında təşkil olunub.
On gün davam edən tədqiqat zamanı torpağın genetik qatları üzrə fiziki xüsusiyyətləri öyrənilib, torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilib. Qoyulmuş torpaq kəsimləri əsasında morfoloji təsvir və analiz üçün nümunələr götürülüb.