ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutu Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası ilə əməkdaşlıq edəcək
Bakı, 19 may, AZƏRTAC
Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının rektoru Vitaliy Velikanov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olub.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev qonağa müəssisədə görülən işlər barədə məlumat verib, akademiya ilə elmi əlaqələrin gücləndirilməsi, kompleks tədqiqatların aparılması, beynəlxalq elmi proqramlar və qrant layihələrdə iştirakın vacibliyini qeyd edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Həmçinin tərəflər iki müəssisə arasında təcrübə mübadiləsi, elmi kadrların hazırlanması, birgə seminarların, konfransların, torpaqşünaslıq və aqrokimya sahəsində elmi biliklərin və nailiyyətlərin populyarlaşdırılması və təbliği üzrə tədbirlər, görüşlərin təşkilini nəzərdə tutan elmi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Daha sonra rektor Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bəzi laboratoriyaları, Torpaq muzeyi və kitabxanası ilə tanış olub.