ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutu SOCAR-ın Ekologiya idarəsi ilə əməkdaşlıq edəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
SOCAR-ın Ekologiya idarəsinin rəisi Azər Əliyevin rəhbərliyi altında şirkətin bir qrup əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, direktor, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin təşəbbüsü ilə keçirilən görüşdə Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin rekultivasiyası üçün müxtəlif üsullardan istifadə etməklə istər sənaye, istərsə də kənd təsərrüfatı üçün torpaqları yararlı hala salmaq, onun münbitliyini bərpa etmək məsələləri müzakirə edilib.
Torpaqların rekultivasiyası laboratoriyasının müdiri, dosent Fərhad Sadıqov, SOCAR-ın texniki istehsalat şöbəsinin rəisi Rüstəm Rüstəmzadə, Ekologiya idarəsinin baş mühəndisi Yaqub Ağasıyev və digər çıxış edənlər qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşdə iki müəssisə arasında əməkdaşlığa dair müqavilə bağlanması barədə razılıq əldə olunub.