ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri beynəlxalq vebinarda iştirak ediblər
Bakı, 29 iyun, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq-CİS laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov, böyük elmi işçi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və aparıcı elmi işçi Sultan Hüseynova BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Avropa Komissiyasının Birləşmiş Tədqiqat Mərkəzinin birgə təşkil etdiyi torpaq xəritəçiliyi üzrə onlayn vebinarda ekspert qismində iştirak ediblər.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Asiya torpaq atlasının hazırlanması proqramı çərçivəsində keçirilən vebinarda milli torpaq təsnifatlarının Beynəlxalq torpaq təsnifatına (WRB) korrelyasiyası istiqamətində müzakirələr aparılıb. Həmçinin Azərbaycanın müasir rəqəmsal torpaq xəritəsi aprobasiyaya təqdim olunub.
BMT-nin Qlobal Torpaq Əməkdaşlığı proqramı çərçivəsində Azərbaycan milli torpaq təsnifatının WRB-yə tam korrelyasiya edilərək beynəlxalq rəqəmsal torpaq xəritələri tələblərinə uyğunlaşdırılması prosesi davam edir. Proqram çərçivəsində iştirakçı ölkələrin torpaq xəritələrinin harmonizasiya olunaraq “Asiya torpaq atlası” adı altında çap edilməsi nəzərdə tutulur.
Sonda Azərbaycan alimləri beynəlxalq torpaq təsnifatı və xəritəçiliyi üzrə Təşkilat Komitəsinin sertifikatına layiq görülüblər.