İDMAN
Toto Volf “Ferrari”nin kəskin irəliləyişini qeyri-adi hal adlandırıb
Bakı, 1 oktyabr, AZƏRTAC
“Mercedes” komandasının rəhbəri Toto Volf yay fasiləsindən sonra keçirilən dörd mərhələdən üçündə qalib olan “Ferrari”nin son yürüşlərdəki çıxışını şərh edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Qran-Prisində “Ferrari” komandası qələbəyə iddialı idi. Lakin mühərrikdə baş verən problem səbəbindən Sebastian Fettel trasdan kənarlaşmalı oldu. Şarl Leklerin isə virtual təhlükəsizlik maşını ilə bəxti gətirmədi və yürüşü “Mercedes”in pilotu Luis Hemilton qazandı.
“Bu, xüsusi haldır. Sabit reqlament şəraitində belə iri addımlar atmaq qeyri-adidir. Biz mühərrikin effektivliliyini necə qaldırmağı və eyni zamanda, güc və üzbəüz müqavimət arasında balansa riayət etməyi, həmçinin təkərlərin işini başa düşməliyik”, - deyə “RaceFans” Toto Volfdan sitat gətirir.
Mövsümün başa çatmasına beş mərhələ qalmış Hemilton şəxsi hesabda liderdir. O, komanda yoldaşı Valtteri Bottasdan 73 xal üstündür. Konstruktorlar Kubokunda isə “Mercedes”in “Ferrari” komandasından üstünlüyü 162 xala bərabərdir.