İDMAN
Toto Volff: Bakıda bizim üçün yenə də asan olmayacaq
Bakı, 2 iyun, AZƏRTAC
Monakoda uğursuz uik-enddən sonra komanda daha qətiyyətlə mübarizə aparmaq və qalibiyyəti geri qaytarmaq əzmindədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Mercedes AMG F1 Team” komandasının rəhbəri Toto Volff bildirib. O deyib: “Monakodakı uik-endə bənzər uik-endlər daha çox çalışmağa məcbur edir. Avtomobil yürüşündə heç nə asan başa gəlmir, məhz buna görə biz bu idman növünü sevirik. Əgər siz bütün imkanlarınızı ortaya qoymasanız, o halda sizi məğlubiyyət gözləyir.
Bazar ertəsi səhər komandada gördüyüm əhval-ruhiyyə məni sevindirdi. Biz baş verənləri təhlil etdik, bir neçə mühüm nəticələr çıxardıq. Təəssüf ki, həmin uik-endin əvvəlinə qayıtmaq mümkün deyil.
Növbəti yürüş Bakıda keçiriləcək. Bu tras xarakterinə görə Monakodan çox fərqlənir. Bakıda bizim üçün yenə də asan olmayacaq, çünki tras bolidimizə o qədər də uyğun deyil.
“Red Bull” komandası əminliklə çıxış etməlidir, bununla belə “Ferrari” və “McLaren” komandaları da son vaxtlar nəzərəçarpan irəliləyişə nail olublar.
İndi ən başlıcası W12-yə uyğun olmayan belə qeyri-adi traslarda bizim hansı imkanlarımızın olacağını araşdırmaq və bu imkanlardan istifadə etməkdir.
Qarşıda bizi Bakı küçələrində növbəti mürəkkəb məsələləri həll etmək durur. Lakin bundan əvvəlki yürüşün yekunlarından sonra biz daha qəti əzmdəyik və cavab zərbəsi endirmək niyyətindəyik”.