REGİONLAR
Tovuz “ASAN həyat” kompleksinin açılışından bir il ötür FOTO VİDEO
Tovuz, 4 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərən 20 “ASAN xidmət” mərkəzindən biri də Tovuz regional “ASAN həyat” kompleksində yerləşir. Kompleksin açılışından bir il ötür.
AZƏRTAC xəbər verir ki, fəaliyyət göstərdiyi müddətdə Tovuzdakı “ASAN xidmət” mərkəzində 210 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, kompleks fəaliyyətə başlayanadək Tovuzda və qonşu rayonlarda yaşayan vətəndaşlar səyyar “ASAN xidmət”dən istifadə edib. “Əksər xidmətlər üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırıldığından bütün vətəndaşlarımız Tovuz “ASAN xidmət” mərkəzinə müraciət edir, burada göstərilən xidmətlərdən yararlanırlar”, - deyə Elnur Niftəliyev əlavə edib.
Şöbə müdiri bildirib ki, Tovuz “ASAN həyat” kompleksində vətəndaşlara operativ xidmətlə bərabər, onların asudə vaxtlarının səmərəli təşkili üçün də mərkəzlər fəaliyyət göstərir. Burada müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.
“ASAN həyat” kompleksində könüllülər də fəaliyyət göstərirlər. Vətəndaş məmnuniyyəti isə xidmətin əsasını təşkil edir.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7.300.000-dən çox vətəndaşın 42 milyondan artıq müraciəti daxil olub. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. 2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN kommunal” mərkəzinin açılışı planlaşdırılır.